Ziyalılar Forumu aprelin 10-da keçirdiyi toplantı ilə bağlı açıqlama yayıb. Forumdan Modern.az-a daxil olan açıqlamada bildirilib ki, toplantıda Azərbaycanda yaranmış social-siyasi və mənəvi durumu ətraflı şəkildə müzakirə edilib və bir sıra məsələlərə etiraz edilib.
Ziyalılar Forumu hesab edir ki, son vaxtlar Azərbaycanda siyasi baxışlarına görə insanların təqib edilməsi və saxta ittihamlarla həbs edilməsi sistemli hal alıb.
”Hazırda ölkə vətəndaşlarının nəinki sərbəst toplaşmaq azadlığı qadağan edilir, eyni zamanda müxalif fikrin daşıyıcısı olan insanların ölkə ərazisində sərbəst hərəkət etmək azadlığına məhdudiyyətlər qoyulur. Bir müddət əvvəl İsmayıllı hadisələrini yerində müşahidə etmək üçün həmin rayona getmiş REAL hərəkatının lideri İlqar Məmmədov və jurnalist kimi peşə fəaliyyətini yerinə yetirən Müsavat partiyasının sədr müavini Tofiq Yaqublunun mücərrəd və saxta ittihamlarla həbsə alınmaları, ölkənin aparıcı müxalifət partiyalarından birinin rəhbəri və prezidentliyə namizədi olan İsa Qəmbərin Lənkəran şəhərinə buraxılmaması, polis təzyiqi ilə EL hərakatının kirayələdiyi ofisdən çıxarılması və hərəkatın rəhbərlərindən biri kimi tanınmış ziyalı Eldəniz Quliyevə Lənkəran şəhərində hücum edilməsi, Azərbaycan xalq hərəkatının tanınmış nümayəndəsi İbrahim İbrahimlinin Naxçıvanda yaxın qohumunun hüzr məclisində zorakılığa məruz qalması kimi heç bir əxlaqa sığmayan hallar bizi dərindən narahat edir. Fikrimizcə, belə rüsvayçı hadisələr bir əsrlik demokratiya tarixi olan Azərbaycanın siyasi ənənələri və çağdaş dünyanın bu günü baxımından utancvericidir”.
Ziyalılar Forumu bəyan edib ki, iqtidarın siyasi baxımdan fəal gənclərə qarşı həyata keçirdiyi repressiya tədbirləri xüsusilə intensiv xarakter alıb.
”Hətta, sovet siyasi təqib maşınının da özünə sığışdırmadığı narkotik vasitələri və "Molotov kokteyli" ittihamları ilə “NİDA” gənclər təşkilatının bir qrup üzvünün (Rəşad Həsənov, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşadət Axundov) həbsə alınması cəmiyyətdə büyük hiddət və qəzəb doğurmuşdur. Hazırda həbsdə olan gənclərin çoxu yüksək təhsilli, güclü intellektual potensialı və sağlam vətəndaş mövqeyi ilə ölkəməzin inkişafına təkan vermək imkanında və istəyində olan gənclərdir. Biz Azərbaycan vətəndaşını alçaldan vəzifəli şəxsləri öz əməllərinin ictimai mahiyyətini anlamağa çağırır və bu siyasəti icra edən hüquq-mühafizə orqanları işçilərini səslənirik: ayılmaq vaxtıdır!”.
Forum ölkənin inanclı insanlarının (Mövsüm Səmədov, Tale Bağırzadə, Abgül Süleymanov və digərləri) narkotika və silah ittihamları ilə həbsə alınmasını bütün möminlərə və ümumilikdə, İslam dininə qarşı təhqir hesab edir və hakimiyyət orqanlarını belə əməllərdən çəkinməyə çağırır.
”Biz şübhə etmirik ki, son zamanlar islamçıların həbsinin kütləvi xarakter alması süni mahiyyət daşıyır və hakimiyyətin “Azərbaycanda islam təhlükəsi” haqqında əsassız addımları bir tərəfdən demokratik düşərgəyə qarşı repressiya siyasətinin gücləndirilməsinə, digər tərəfdən isə Qərbi demokratiya tələblərindən çəkindirməyə xidmət edir”.
Ziyalılar Forumu hakimiyyəti mətbuata və demokratik düşüncəli jurnalistlərə qarşı təqib, cəza, ayrıseçkilik və qanunsuz həbs siyasətinin azad sözə qarşı yönəldiyini xüsusi şəkildə qeyd edib və vəzifəli şəxsləri mətbuata dözümlü olmağa çağırır.
”“Azadlıq” və "Yeni Müsavat" qəzetlərinə qarşı həyata keçirilən iqtisadi çökdürmə cəhdləri, qəzet əməkdaşlarının təqib edilməsi, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının və Hilal Məmmədovun şübhəli ittihamlarla həbsə alınması mətbuatı susdurmağa hesablanmış addımlardır. Biz, eyni zamanda, ayrı-ayrı mətbuat işçilərinin hakimiyyətin əlində alətə çevrilməsindən, öz qələmini və vicdanını nəfsinə qurban verən bəzi mətbuat işçilərinin natəmiz əməllərindən təəssüf hissi keçiririk”.
Qurum son dövrlərdə Xocalı faciəsi və 31 mart soyqrımının dünyada tanıdılması istiqamətində hökumətin səylərini müsbət addımlar kimi dəyərləndirib. Bununla belə, Forum ölkənin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində hakimiyyətin nəticəsiz fəaliyyətindən dərin narahatlıq keçirir və iqtidarın korrupsiyaya qurşanmasının ölkənin milli maraqlarına qarşı ən böyük təhlükə olduğu qənaətindədir.
Forum son vaxtlar tez-tez qeydə alınan əsgər ölümlərinin Azərbaycan cəmiyyətini dərindən sarsıtdığı qənatəndədir.
”Biz Azərbaycan ordusunun adına və nüfuzuna xələl gətrilmədən belə halların ciddi şəkildə araşdırılmasını və günahkarların cəzalandırılmasını zəruri hesab edirik. Fikrimizcə, Azərbaycan ordusunun mənəvi-psixoloji iqlimi kökündən dəyişməli, əsgər və zabit heyətinin təlim-tərbiyəsi, hərbi intizama riayiət etməsi, komanda heyətinin gənc çağrışçılara və hərbi xidmətçilərə qayğısı və diqqəti əsaslı şəkildə yenidən qurulmalıdır”.
Bəyanatda hakimiyyətin ölkədə vətəndaş cəmiyyəti instutlarının formalaşmasına yardım göstərən ABŞ-ın Milli Demokratiya İnstutunun yerli nümayəndəliyinə, ATƏT-in Bakı ofisinə, Almaniya və digər Qərb ölkələrinin diplomatik nümayəndəliklərinə qarşı apardığı siyasət pislənilib.
Ziyalılar Forumu hakimiyyəti “ayılın, uçurum qarşısındasınız!”-deyə xəbərdar edib.