Modern.az

Türkpedia internet saytı yaradılacaq

Türkpedia internet saytı yaradılacaq

15 Aprel 2013, 17:00

Türk Dünyası Tarix TV kanalının açılması da nəzərdə tutulur

  Mətin Hülagü: "Türkün olduğu hər yer bizi maraqlandırır"  

Dünya üzrə bütün məlumatların toplandığı Vikipediaya oxşar Türkpedia İnternet saytı yaradılacaq. Burada türk tarixi, mədəniyyəti ilə bağlı məlumatlar toplanacaq, arxiv formalaşdırılacaq. Türkpediada alimlərin elmi yazıları da  yerləşdiriləcək. Məlumatların doğru olması üçün Türkpediada yerləşdiriləcək yazılara ciddi nəzarət olacaq və onlar yoxlanılacaq. Bu barədə Türkiyədə keçirilən Dünya Türk Forumunda Türk Tarix Qurumunun sədri Mətin Hülagü məlumat verib.

Mətin Hülagü bildirib ki, "dünyanın hər yerində türkün olduğu yer bizi maraqlandırır. Bizim təşkilat yalnız Türkiyənin tarixini öyrənir. Ancaq bundan sonra türklərin yaşadığı bütün ölkələrin tarixini, xüsusən də türk Cümhuriyyətlərinin tarixini öyrənmək istəyirik. Böyük bir Türk Dünyası var. Ona görə də, Türk Tarixçiləri Birliyi yaratmaq fikrindəyik. Ortaq türk tarixini yazmaq istəyirik. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu bu sahədə Türkiyə ilə əməkdaşlığa hazırdır. Habelə Türk Dünyası "Tarix TV" televiziya kanalının yaradılması barədə də təkliflər var. "Tarix TV"-də bütün türk xalqlarının filmlərini, musiqisini yayımlamaq olar. Dünya Türk Forumunda Azərbaycandan iştirak etmiş nümayəndələrdən biri Mahir Həmzəoğlunun verdiyi məlumata görə, forumda Qırğız-Türk Manas Universitetinin professoru Kadirali Konkobayev bildirib ki, Astanada Türk Akademiyası yaradılacaq. Qarsda yerləşən Qafqaz Universitetinin professoru, əslən azərbaycanlı olan Hacali Necefoğlu məlumat verib ki, təmsil etdiyi universitetin nəzdində "Azərbaycan türkcəsi və ədəbiyyatı" kafedrası, fakültəsi və eyni adlı ixtisas açılıb.

Xatırladaq ki, bu il aprelin 3-5-də İstanbulda Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Dünya Türk Forumu keçirilib. Tədbirdə bütün türk dövlətləri, o cümlədən Orta Asiya respublikaları və Azərbaycan da təmsil olunub. Forumda Dürk Dünyasında mədəni, elmi və iqtisadi əlaqələrin daha möhkəmləndirilməsi, türkdilli dövlətlər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ortaq qurumların yaradılması, Dürk Dünyasının birliyi sahəsində 2023-cü ilə yönəlmiş əsas hədəflər müzakirə olunub.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu