Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Öncə qərarların icra vəziyyətinə baxılıb və görülən işlərlə bağlı məlumatlar dinlənilib.
Partiyanın mətbuat xidmətindən Modern.az-a daxil olan məlumatda qeyd olunur ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin Cəbrayıl rayonunun əhalisi ilə görüşü barədə fikir mübadiləsi aparılıb və görüş yüksək qiymətləndirilib.
So nra partiyadaxili məsələlər müzakirə edilib. Seçkilərə hazırlıq və partiyanın seçki qərargahının formalaşdırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.Toplantıda ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, hakimiyyət ölkədə siyasi repressiya və təqibləri günü-gündən gücləndirir. Divan İbrahim İbrahimlinin Naxçıvanda vəhşicəsinə döyülməsində günahkarların cəzalandırılmasını bir daha tələb edib.
Toplantıda bu yaxınlarda həbs edilmiş Hacı Taleh Bağırzadənin işgəncələrə məruz qalması haqqında mətbuatda yayılan məlumatlarla bağlı fikir mübadiləsi aparılıb və işgəncələrə qəti etiraz bildirilib.
Məlumdur ki, İsmayıllı hadisələri ilə bağlı qeyri-qanuni olaraq həbs edilmiş Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, REAL hərəkatının rəhbəri İlqar Məmmədov və digər məhbuslar barəsində, demək olar ki, heç bir istintaq hərəkətləri aparılmır. Bu fakt göstərir ki, əslində həmin hadisələr vaxtı həbs olunanlar heç bir cinayət törətməyiblər. Ancaq hakimiyyət mümkün qədər onların həbsini uzatmaqda maraqlıdır. Divan bu məsələyə öz qəti etirazını bildirib və həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edib.
Siyasi çıxışlarına görə həbs edilmiş Nemət Pənahlıya anasının yas mərasimində iştirak etməyə icazə verilməməsi də müzakirə edilib. Xatırladırıq ki, bir müddət əvvəl onu atasının yas mərasimində də iştirak etməyə buraxmamışdılar. Bu fakt bir daha göstərir ki, hakimiyyət Nemət Pənahlıya qarşı qərəzli münasibət bəsləyir və onun həbsi siyasi sifarişin nəticəsidir. Toplantı iştirakçıları bunun yalnız qanun pozuntusu deyil, həm də mənəvi dəyərlərə zidd olduğunu bildiriblər.
Sonda cari məsələlər baxılıb.
Anar