Modern.az-ın “...Partiyamızdır!” layihəsi davam edir. Bu dəfə Azərbaycan Liberal Partiyası haqqında bəzi məlumatlar verəcəyik.
Həkim və elm adamı
Öncəliklə, partiyanın qurucusu və lideri Lalə Şövkət haqqında məlumatları nəzərdən keçirək. 1968-ci ildə orta məktəbi bitirərək indiki Tibb Universitetinə daxil olub. İlk elmi əsərləri də məhz tələbəlik illərində dərc olunub. 1974-cü ildə Azərbaycan SSRİ Səhiyyə Nazirliyinin xətti ilə Sovet İttifaqının o vaxtları güclü elmi mərkəzi sayılan, Moskvada yerləşən Patris Lumumba adına Xalqlar Dostluğu universitetinin cərrahiyə kafedrasına gedib. 25 yaşında cərrahiyə üzrə namizədlik dissertasiyasını müdafiə edib. Lalə xanım 37 yaşında doktorluq dissertasiyasını da müdafiə edərək yeni elmi nailiyyətə imza atıb.
Elmdən siyasətə-180 dərəcə dəyişiklik
1980-ci ci illərin sonunda Qarabağ münaqişəsinin başlanması Lalə Şövkətin (Hacıyeva) ictimai-siyasi fəaliyyətinin güclənməsinə təkan verir. Bundan sonra Sovet İttifaqının aparıcı demokratik qüvvələri ilə sıx əməkdaşlığa başlayır. 1990-cı ilin Qanlı Yanvar faciəsi isə Lalə Şövkətin siyasi arenada aktivləşməsini stimullaşdırır. Belə ki, çox keçmədən Moskvadakı Azərbaycan nümayəndəliyində Sovet ordusunun törətdiyi amansız cinayətin dünya ictimaiyyətinə çatdırılması üçün mətbuat konfransı təşkil edir. 1991-ci ildə SSRİ-nin paytaxtı Moskvada Eduard Şevardnadze, Yakovlev, Sobçak və digər demokratlar kimi tanınan şəxslərlə birgə “SSRİ-də Demokratik İslahatlar Uğrunda” Hərəkatın təşəbbüskarlarından biri olur. Bundan sonra “Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan hüquqlarının Müdafiəsi Uğrunda” beynəlxalq ictimai-siyasi hərəkat yaradır. Bu hərəkat Azərbaycanın Moskvada SSRİ Ədliyyə Nazirliyi tərəfindən rəsmən qeydiyyata alınan ilk təşkilatıdır.
İstefa!... İstefa!...
1993-cü ildə Azərbaycanda prezident vəzifəsini icra edən Heydər Əliyev tərəfindən iyulun 7-də Bakıya dəvət olunmuş Lalə Şövkət dövlət katibi vəzifəsinə təyin edilir. Az keçmədən 1994-cü ildə korrupsiya və rüşvətxorluğa etiraz əlamətə olaraq vəzifəsindən istefa verib. Bundan sonra Lalə Şövkətə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilir və Azərbaycanın BMT-dəki daimi nümayəndəsi təyin olunur. Lakin Lalə xanım bu cür mötəbər təmsilçilik hüququndan da imtina edir və öz vəzifəsinin icrasına başlamır.
69 nəfəri özündə təcəssüm etdirən qadın siyasətçi... Amma yenə də istefa və imtina
Qadın siyasətçi 1995-ci ilin 3 iyununda Bərdə şəhərində keçirdiyi təsis konfransında Azərbaycan Liberal Partiyasını yaradır və sədri seçilir. Təxminən 2 ay sonra isə partiya Ədliyyə Nazirliyində qeydiyyata alınır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Lalə Şövkət partiya sədrliyindən istefa verir. O, prezident seçkisində Milli Birlik Hərəkatının lideri kimi namizədliyini irəli sürür. Lakin seçkinin nəticələri xanım siyasətçinin xeyrinə olmur. Bundan sonra 2005-ci ildə keçirilən parlament seçkisinə Milli Birlik Hərəkatı və Azərbaycan Liberal Partiyasının lideri olaraq 70 namizəddən ibarət siyasi komanda ilə qatılır. Milli Məclisə yalnız bu komandadan Lalə Şövkət deputat seçilir. Lakin seçkilərin saxtakarlıq və ədalətsiz yolla keçirildiyini qiymətləndirən Lalə Şövkət öz deputat mandatından imtina edir.
“Sönən ulduz”
Lalə Şövkətin siyasi portretinin bəzi cizgilərini qeyd etdik. Lalə Şövkətin simasında Azərbaycan Liberal Partiyasının fəaliyyətinə də qısaca olaraq nəzər saldıq. Artıq Lalə Şövkət bundan sonra seçkilərə qatılmır və boykot yolunu tutur. 2005-ci ildə ALP, AXCP və VİP partiyalarının təmsil olunduğu “Azadlıq” blokunun təsisçilərindən biri olur. Lakin 2008-ci ildə keçirilən prezident seçkisini boykot edir. Professor Lalə Şövkət hal-hazırda Liberal Partiyanın lideri kimi tanınır. 2013-cü il prezident seçkisində Lalə Şövkətin prezidentliyə namizəd olacağı ilə bağlı mətbuatda məlumatlar yazılıb. Partiyanın hazırda sədri isə Əvəz Temirxandır
Aqşin Kərimov