Modern.az

YAP rəhbərliyi gəncləri seçkilərdə fəal olmağa çağırdı

YAP rəhbərliyi  gəncləri seçkilərdə fəal olmağa çağırdı

18 Aprel 2013, 17:42

Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov bu gün Cəlilabad rayonunda partiya fəalları ilə görüş keçirib.
Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı çıxış edərək bildirib ki, partiyanın 6057 nəfər üzvü 94 ilk ərazi təşkilatında birləşir. Bunlardan 26 faizini gənclər, 27,5 faizini isə qadınlar təşkil edir. M.Mirxaslı partiyanın fəaliyyətindən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.
YAP-ın Cəlilabad rayon təşkilatının fəalları qarşısında çıxış edən YAP-ın Sədr müavini Əli Əhmədov son 10 ildə partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətindən danışaraq, dövlətimizin büdcəsinin 10 dəfə artdığını, insanların maddi rifah halının yüksəldiyini, yoxsulluq həddinin minimuma endiyini statistik rəqəmlərlə görüş iştirakçılarının diqqətinə çatdırıb: "Azərbaycan dövlətinin, Heydər Əliyev siyasi xəttinin də əsl qayəsi bundan ibarətdir ki, insanlar normal, sabit, təhlükəsiz şəraitdə xoşbəxt yaşasınlar. İnsanların yaxşı yaşaması onların təbii haqlarıdır. Əldə olunan nailiyyətlər, əhalinin həyat səviyyəsinin yüksəlişi dinamik, stabil iqtisadiyyatımızın düzgün, müdrik şəkildə idarə olunmasıdır. Həll olunan problemlər imkanlarımızın artmasından irəli gəlir. Bu inkişafın dayanıqlı, davamlı olmasının yeganə yolu 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etmək və ətrafında daha da sıx birləşməkdən ibarətdir".
Əli Əhmədov YAP Cəlilabad rayon təşkilatının fəallarına qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, hər bir partiya üzvü seçkilərdə fəal olmalı və qələbəmizin təmin edilməsində səylərini ortaya qoymalıdır.
YAP fəallarından şair Əhməd İsmət, Böyükxan Bağırov, Anar Abdullayev çıxış edərək cəlilabadlilarin 2013-cü ilin prezident seçkisində cənab İlham Əliyevdən başqa namizədlərinin olmadığını və yalnız ona səs verəcəklərini bildiriblər.
Görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı, MM-in deputatlarından Mirkazım Kazımov və Malik Həsənov iştirak ediblər.

Anar 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal