Modern.az

Prezident Bakıda teatrın açılışına qatılıb - FOTO

Prezident Bakıda teatrın açılışına qatılıb - FOTO

18 Aprel 2013, 18:34


Aprelin 18-də Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi açılış mərasimində iştirak edib.

Ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunub. Mədəniyyət və incəsənətin inkişafına, bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğı, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bunun əyani təsdiqidir. Dövlət başçısının mədəniyyətimizə himayəsi Azərbaycan incəsənətində yaradıcılıq əhval-ruhiyyəsini artırmışdır. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, son illərdə çoxsaylı tarixi abidələr, monumental binalar, maddi mədəniyyət ocaqları əsaslı təmir edilmiş və yenidən qurulmuşdur. Onların sırasında Azərbaycan Dövlət Musiqili Teatrının binası da vardır.
Azərbaycan Dövlət Musiqili Teatrı yarandığı vaxtdan etibarən incəsənət tariximizə bir çox qiymətli səhnə əsəri bəxş edib. Teatr ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmaqdadır. Heydər Əliyev Fondunun da bu istiqamətdə həyata keçirdiyi layihələri xüsusi qeyd etmək lazımdır. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun gördüyü işlər ölkəmizin mədəni irsinin daha da zənginləşdirilməsinə və dünyada geniş təbliğinə, gənc istedadların yetişməsinə böyük töhfələr verir.
Prezident İlham Əliyevə Azərbaycan Dövlət Musiqili Teatrının binasında və ətrafda görülən işlər barədə məlumat verildi.
Sonra Azərbaycan Prezidenti teatrın yenidənqurma işlərində iştirak edən xarici mütəxəssislərlə görüşdü.
Qeyd edildi ki, 1883-cü ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda ilk teatr binası tikilib. 1908-ci il yanvarın 25-də isə müsəlman Şərqində opera janrının əsasının qoyan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərinin ilk tamaşası bu teatrın binasında olmuşdur. 1922-ci ildən binada Akademik Milli Dram Teatrı, 1960-cı ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərib. 1988-ci ildə uçmaq təhlükəsi olduğuna görə həmin bina sökülmüş və yeni binanın inşasına başlanılıb. Teatr binasının tikilib istifadəyə verilməsinə xüsusi diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyev 1995-ci ildə tikinti işləri ilə tanış olmuş, öz tövsiyələrini verib.

Prezident İlham Əliyev teatrın tamaşa zalı ilə tanış olub. Bildirildi ki, 460 yerlik zal ən müasir avadanlıqla təchiz olunub. Oturacaqlar və mebel yeniləri ilə əvəzlənib, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulmuşdur. Burada ən müasir səs-akustika sistemi quraşdırılıb.

Səhnənin işıq sistemləri də müasir layihə və texnologiyalar əsasında yenilənib. Binanın bütün xidməti və qrim otaqlarında əsaslı təmir işləri aparılıb. Yenilənmiş havalandırma sistemi ən müasir standartlara uyğundur. Əsaslı bərpa işlərindən sonra teatrdakı səsyazma studiyası və kiçik tamaşa zalı da yeni görkəm alıb.
Teatrla tanışlıqdan sonra dövlət başçısı tapşırıq və tövsiyələrini verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal