“Çətin mərhələləri keçmədən, fədakarlıq göstərmədən irəli çəkilmək olmaz”. Bu fikirləri Modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. Savadlı gənclərin yüksək postlarda təmsil olunmasını dəstəklədiyini bildirən deputat ölkə başçısının bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib.
“Bildiyimiz kimi cənab prezident Nazirlər Kabinetinin sonuncu iclasında bir sıra aktual və önəmli tezislər səsləndirdi. İlk öncə cənab İlham Əliyev gənclər siyasətindən danışaraq, savadlı, mütəşəkkil iş keyfiyyətlərinə, müasir potensiala malik gənclərin irəli çəkilməsi, onların yüksək postlarda təmsil olunmasına xüsusi diqqət yetirdi.
Bu çıxışın ardınca çox qısa bir müddət kəsiyində Prezident Mikayıl Cabbarovu təhsil naziri təyin etdi. Mən bu addımı alqışlayıram. Mikayıl Cabbarov gənc olmasına baxmayaraq çox savadlıdır, Amerikada təhsil alıb, təşəbbüskardır, proqressivdir. Əgər Mikayıl Cabbarovun həyat yoluna nəzər salsaq, görərik ki, o ən aşağı işlərdən, pillə-pillə, özünü ləyaqətlə təmsil edərək yüksəlibdir. Belə bir gəncin nazir təyin edilməsi onu göstərdi ki, prezidentimiz sözü ilə əməli bir olan liderimizdir”-deyə deputat bildirib.
H.Rəcəblinin sözlərinə görə, gənclərin yüksək vəzifələrə irəli çəkilməsi prezident İlham Əliyevin onlara göstərdiyi daimi qayğı və diqqətin təzahürüdür.
“Bu gün Azərbaycanda yüksək vəzifələrdə çalışan insanların, nazirlərin, nazir müavinlərinin komitə sədrlərinin bir qismi gənc kadrlardan ibarətdir. Əmlak komitəsinin sədri Kərəm Həsənov, təhsil nazirinin müavini Qulu Novruzov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, lap elə "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı və onlarla başqaları. Eyni zamanda qeyd etmək istərdim ki, özəl bölmədə çoxlu gənclər çalışırlar. Mənim onlara tövsiyəm budur ki, möhtərəm prezidentin bu dəstəyindən istifadə etsinlər, hərə öz işində fədakar olsun, can yandırsınlar, öz üzərində çalışsınlar, xarici dillər öyrənsinlər, İKT-ni yaxşı bilsinlər, onda onlar seçiləcək, onları görəcək və irəli çəkəcəklər.
Bu günlər 90 illiyini qeyd etdiyimiz ulu öndərimiz Heydər Əliyev məhz gənclərin irəli çəkilməsində cəsarətli lider idi, seçim ustası idi. Sevinirəm ki, bu siyasət bu gün də uğurla davam etdirilir".
Deputat qeyd edib ki, mərhum Heydər Əliyev onu 32 yaşında respublikanın ən iri rayonlarından biri olan Lənkəran rayonunun İcraiyyə komitəsinin sədri vəzifəsinə o vaxtlar üçün ən gənc kadr kimi irəli çəkmişdi.
"Əlbəttə mən buna qədər çox əziyyətlər görmüşdüm, fəhləlikdən pillə-pillə yüksəlmişdim. Amma bizdə bir çoxları birdəfəlik nəyəsə nail olmaq istəyirlər. Bu çətin mərhələləri keçmədən, fədakarlıq nümunələri göstərmədən irəli çəkilmək düşünürəm ki, olmaz və heç lazım da deyil”.
Anar RÜSTƏMOV