Bu gün Bakıda Mobil Texnologiyaları üzrə Dünya Gənclər Forumu keçirilir. Tədbirdə Gənclər və idman nazirinin müavini İntiqam Babayev, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, “KnowledgeFox Gmbh” şirkətinin təsisçisi və Avstriya Araşdırmalar Mərkəzinin nümayəndəsi Peter Bruk, Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev, Dünya Bankının İnfoDev proqramının nümayəndəsi Haydi Humala, 20-dən çox ölkənin nümayəndəsi və gənclər iştirak edirlər.
Modern.az xəbər verir ki, tədbirdə çıxış edən İntiqam Babayev bildirib ki, gənclər bu gün müasir texnologiyaya daha çox yanaşmalıdır. Nazir müavininin sözlərinə görə, gənclər bu texnologiyadan daha səmərəli və öz biliklərinin artırılması üçün istifadə etməlidir.
“Bildiyiniz kimi Prezident İlham Əliyev 2013-cü ili “İKT İli” elan edib. “İKT İli” üçün bu tədbirin əhəmiyyətli olduğunu düşünürəm. Bu gün elə gənclər yetişir ki, onlar nəinki ölkəmizdə, dünyanın bütün ölkələrində öz sözlərini deyəcəklər. Bundan başqa, bu il ərzində bizdə çoxlu tədbirlər olacaq. Burada hədəfimiz gəncləri yeni texnologiya ilə daha ətraflı tanış etməkdir. Bu il məlum olduğu kimi peykimiz orbitə qalxıb. Bu o deməkdir ki, bizim gənclərimiz bu sahə üzrə daha da çox uğurlar əldə etməlidir”.
İltimas Məmmədov bu il Azərbaycanda mobil telefonların işlədilməsinin 20 ilinin tamam olduğunu deyib. Nazir müavini bildirib ki, bu illər ərzində mobil telefonlar daha çox inkişaf etdi.
“İndi bu dəyişmə prosesi davam edir. Mobil telefonların inkişafı çox sürətlə gedir. Bu baxımdan gənclərimizin bu sahə üzrə daha ətraflı bilik öyrənməsi ölkəmizə öz səmərəsini verəcək”.
Tədbirdə çıxış edən digər qonaqlar da bu gün dünyada və ölkəmizdə inkişafda olan mobil rabitədən danışıblar.