“Seçicilər deyirlər ki, uzun müddət dözüblər, səbir ediblər, bundan sonra dözmək niyyətləri və imkanları yoxdur. Ona görə də ATƏT-in Minsk qrupunun fəaliyyətinə qiymət verilməlidir”. Ermənilərin işğal etdikləri Ağdamdan seçilmiş deputat Bəxtiyar Əliyev Milli Məclisin aprelin 30-da keçirilən iclasında belə deyib.
Deputat qeyd edib ki, yüzminlərlə məcburi köçkünün hüquqları pozulur: “Beynəlxalq təşkilatlar bunu etiraf etsələr də, hesabatlarına daxil etsələr də heç bir əməli tədbir görmürlər. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qüvvədədir, amma icra olunmur. Amma başqa bir ölkədə nəsə baş verirsə dərhal BMT Təhlükəsizlik Şurasını toplayırlar, bir saat ərzində qətnamə qəbul edirlər və onu dərhal icraya yönəldirlər. Bunun da nəticəsində silahlı münaqişələr yaranır. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, yüzminlərlə insan məcburi köçkün həyatı yaşayır, ən elementar insan haqlarından mərhum olublar, amma bununla bağlı heç bir tədbir görülmür”.
B.Əliyev qeyd edib ki, münaqişəni həll etmək üçün ATƏT-in Minsk qrupu yaradılıb:
“Onun missiyası xalqlar arasında etimadı, barışı, birgə yaşayışı təbliğ və təmin etməkdir. Minsk qrupu həmsədrləri öz davranışları ilə hamıya göstərməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əziyyət çəkən insanlar bu regionda bir yerdə yaşaya bilərlər, onlar arasında etimad var. Həmsədrlər bunu necə edə bilərlər? Bir necə ilə əvvəl təklif edilmişdi ki, Minsk qrupunun həmsədrləri Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa və işğal olunan digər rayonlara səfər edəndə Azərbaycan ərazisindən gedib-qayıtsınlar. Bu barışa, etimada, birgə yaşayışa aparan yoldur. Ona görə də Minsk qrupunun həmsədrləri Azərbaycana gəlməlidirlər, buradan Dağlıq Qarabağa getməlidirlər. İşğal olunmuş həmin ərazilərində yaşayan, hələ də Azərbaycan vətəndaşı olan ermənilərlə azərbaycanlılar arasında etimad körpüsü yaratmalıdırlar, yolu açmalıdırlar. Lakin Minsk qrupunun həmsədrləri Azərbaycan ərazisinə işğalçı dövlət olan Ermənistandan gəlirlər. Buna əsas səbəb kimi qoşunların təmas xəttini keçərkən Ermənistanın onların təhlükəsizliyinə təminat verməməsini göstərirlər. Əgər işğalçı dövlət Minsk qrupu həmsədrlərinin təhlükəsizliyinə təminat vermirsə, azərbaycanlılara necə təminat veriləcək? Sülh necə əldə olunacaq. Ermənistan Dağlıq Qarabağ ərazisində, işğal olunan digər yeddi rayonda etnik təmizləmə həyata keçiriblər, azərbaycanlılara işgəncə veriblər, öldürüblər. Amma bütün bunlara göz yumulur. Bunlar insanların hüquqlarının pozulmasına nə qədər göz yumacaqlar.
Mən bir məsələni diqqətə çatdırmaq istəyirəm. Hesab edirəm ki, Minsk qrupu qarşısında tələb qoyulmalıdır. Onlara açıq şəkildə bildirilməlidir ki, əgər siz həqiqətən də sülhməramlısınızsa, onda gəlin Azərbaycana, məcburi köçkünləri görün, qoşunların təmas xəttindən bir necə km. aralıda yaşayan məcburi köçkünlərin gözləri qarşısında o biri tərəfə keçin və insanlar arasında etimad körpüsü yaradın. Bu seçicilərin birmənalı tələbidir, mən onların fikirlərini çatdırıram. Hesab edirəm ki, Minsk qrupu həmsədrlərinin bölgəyə hər səfərləri zamanı Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçib getmələri, bu yolun açılması insanların tədricən öz doğma yerlərinə qayıtmasına ümid verərdi, bölgədə yaşayan xalqlar arasında dostluq və etimad yaradardı, inamı gücləndirərdi. Təəssüflər olsun ki, belə olmur. Mən seçicilərim adından tələb edirəm ki, Minsk qrupu həmsədrləri qarşısında tələb qoyulsun. Onlar ya Azərbaycana gəlib buradan Dağlıq Qarabağa getməlidirlər, azərbaycanlılara və ermənilərə göstərməlidirlər ki, siz bir yerdə, dostluq, etimad şəraitində yaşaya bilərsiniz, bunun üçün də təmas xəttini keçirik, bunu dostluq xəttinə çeviririk, Belə olan halda Minsk qrupuna bu missiyanı həyata keçirməyə icazə verilməlidir. Əks halda bu missiyaya heç bir ehtiyac qalmır. Hesab edirəm ki, onlar Dağlıq Qarabağa Ermənistandan gəlməklə, iki xalqın düşmən olduğunu, bir yerdə yaşaya bilməyəcəyini göstərməyə cəhd edirlər”.
Modern.az