Modern.az

Mehriban Əliyeva: "Biz üzərimizə düşən məsuliyyəti anlayırıq" - FOTOLAR

Mehriban Əliyeva: "Biz üzərimizə düşən məsuliyyəti anlayırıq" - FOTOLAR

30 Aprel 2013, 19:26


Modern.az
saytı xəbər verir ki, aprelin 30-da 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları Koordinasiya Komitəsinin birinci iclası olub.

İclasda I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.

İclasdan əvvəl Mehriban Əliyeva Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb.

Görüşdə I Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda yaxşı potensialın və mükəmməl təcrübənin olduğu vurğulanıb, Avropa Oyunlarına hazırlıq üçün Bakıda əzmkarlıqla çalışan güclü komandanın fəaliyyət göstərdiyi bildirilib.

Sonra iclas işə başlayıb.

Toplantıya sədrlik edən Mehriban Əliyeva onun işinə uğurlar arzulayaraq deyib:

- Biz Azərbaycanda ilk Avropa Oyunlarına ev sahibliyi etməkdən qürur duyuruq. Avropa Olimpiya Komitəsinin bu qərarının ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən idmanda qazandığı uğurların tanınması kimi qəbul edirik. Qeyd etməliyəm ki, Azərbaycan hökuməti və xalqı bu oyunları dəstəkləyir. Biz ölkəmizin Avropa Olimpiya ailəsinin tarixində əsas rol oynayacağından çox həyəcanlıyıq. Biz üzərimizə düşən məsuliyyəti anlayırıq. Bu da öz növbəsində, bizdən ilk təcrübənin uğurlu olmasının təminatını tələb edir. Öz tərəfimizdən sizi əmin edə bilərik ki, bu məqsədə nail olmaq üçün Azərbaycan əlindən gələni etməyə hazırdır. Bu səbəbdən biz ötən illərdə keçirilən Olimpiya və regional oyunların təşkilatçılarının təcrübəsindən bəhrələnməyə hazırıq.

Mehriban Əliyeva ilkin mərhələdə Koordinasiya Komitəsinin qarşısında duran müxtəlif məsələlərə toxunub. Təşkilat komitəsinin sədri bildirib ki, Olimpiya kəndi də daxil olmaqla lazımi infrastrukturun hazırlıq səviyyəsi, məlumatın ötürülməsi, Oyunlara hazırlıq və keçirilməsini işıqlandıracaq kütləvi informasiya vasitələri ilə iş strategiyası, idman proqramının təsdiqlənməsi və tamamlanması xüsusi diqqət tələb edir.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın Avropa Oyunlarının təşkilat komitəsinə sədrlik etməsinin bu oyunların lazımi səviyyədə təşkilinə zəmin yaratdığını söyləyib.

Toplantıda xarici ekspertlərin Avropa Oyunlarının keçirilməsi ilə bağlı təqdimatları olub. Təqdimatlarda təşkil olunacaq mərasim və mədəni proqramlar, yayım, media strategiyaları, əlaqələr, işçi və tikinti planları haqda fikir mübadiləsi aparılıb.

Təkliflərə görə təşəkkürünü bildirən Mehriban Əliyeva Avropa Oyunlarının ölkəmiz üçün ilk belə təcrübə olduğunu deyib. Bu oyunlarının böyük uğur kimi Olimpiya ailəsi tarixinə düşəcəyinə ümidvar olduğunu bildirən Azərbaycanın birinci xanımı Koordinasiya Komitəsinin iclasında səslənən fikirlərin Avropa Oyunlarına hazırlıq işlərinə yeni nəfəs gətirəcəyini qeyd edib.

Mehriban Əliyevaya Avropa Olimpiya Komitəsinin xatirə hədiyyəsi təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.





Modern.az

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal