Milli Məclisin Azərbaycan-Uruqvay dostluq qrupunun üzvləri Uruqvay Respublikasında rəsmi səfərdədir. Artıq bir neçə gün davam edən səfər çərçivəsində Milli Məclisin üzvü, Azərbaycan-Uruqvay parlamentlərarası dostluq qrupunun sədri Cavanşir Feyziyev və deputat Aslan Cəfərov Uruqvay parlamentinin üzvləri ilə, parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri ilə və eləcə də Uruqvay respublikasının Beynəlxalq Parlamentlərarası İttifaqdakı nümayəndə heyəti ilə ikitərəfli görüşlər keçiriblər.
Modern.az-ın məlumatına görə, Azərbaycan nümayəndə heyəti həmçinin Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri German Kardoso tərəfindən qəbul olunub və görüşdə hər iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Cavanşir Feyziyev Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun dəvət məktubunu Uruqvay Parlamentinin sədrinə təqdim edib. Spiker German Kardoso Azərbaycanlı həmkarının dəvətini məmnuniyyətlə qəbul etdiyini və yaxın zamanlarda Azərbaycan Respublikasına rəsmi səfərə gəlmək arzusunda olduğunu bildirib. Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyətinin Uruqvay Respublikasının Kənd təsərrüfatı naziri və eləcə də Xarici işlər naziri tərəfindən də qəbul olunacağı gözlənilir.
Qeyd edək ki, Milli Məclisin deputatları müstəqillik tariximizdə ilk dəfə Uruquvayda səfərdədir. Uruquvay - qondarma “erməni soyqırımı”nı tarixdə ilk dəfə tanıyan və bu gün dünyada ən güclü erməni lobbisinin mövcud olduğu dövlətdir.
Modern.az