AzEdu təhsil jurnalistləri ilə birgə ilkə imza atdı - FOTOLAR

AzEdu təhsil jurnalistləri ilə birgə ilkə imza atdı - FOTOLAR

Təhsil

30 Noyabr 2022, 20:27

Müharibə meydanındakı kimi elm, təhsil, tədqiqat sahəsində də güclü olmaq qalibiyyətin istənilən müstəvidə qorunub saxlanılması üçün əsasdır.

 

Xüsusilə post-müharibə dövründə Azərbaycan alimlərindən bu istiqamətdə gözləntilər daha da artır. Elm adamları isə öz növbəsində mətbuata açıqlama verərkən bir çox elmi, tədqiqat, məqalə və vəsaitlərinin nəşr edildiyini, müxtəlif dünya ölkələrində yayımlandığını bildirirlər.

 

Müharibə və sonrakı vəziyyət, regionun tarixi və coğrafiyası, Ermənistanın tarix boyu Azərbaycana qarşı ərazi iddiaları və soyqrımlarının lazımı faktlarla dünyaya təqdim edilməsi istiqamətində, həmçinin ümumilikdə Cənubi Qafqaz regionunda siyasi proseslərin tarixi əsasları, Qərb ölkələrilə münasibətlər, eləcə də ermənilərin qonşu ölkələrlə qarşılıqlı əlaqələrinin təhlili ilə bağlı bir çox işlərin görülməsi mövcud vəziyyətdə xüsusilə əhəmiyyətlidir.

 

AzEdu.az xəbər verir ki, bu məsələdə bir sıra yeniliklərə imza atan Qafqazşünaslıq İnstitutu 2022-ci ildə aparılmış elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib.

 

Hesabatın təqdimatından sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı jurnalistlərlə görüşüb və İnstitutun gördüyü işlər barədə ətraflı məlumat verib.

 

Görüşdə AzEdu Təhsil Portalının təsisçisi Elşad Eyvazlı, baş redaktor Elmin Nuri, “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova, “Bizim.media”nın əməkdaşı Aləmdə Nəsib, “Şərq” qəzetinin əməkdaşı Nihad Müzəffər, “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva iştirak ediblər. İnstitutun baş direktoru, professor Musa Qasımlı jurnalistləri maraqlandıran sualları cavablandırıb.

 

Professor jurnalistlərə açıqlamasında bildirib ki, institutda 2022-ci ildə müxtəlif istiqamətlər üzrə 14 tədqiqat işi aparılıb:

 

“Araşdırılan problemlər Qafqaz dövlətlərinin daxili siyasi və sosial-iqtisadi problemləri, Qafqazda dövlətlərarası münasibətlər, xarici ölkələrin region siyasətini əhatə edir. Bu istiqamətdə araşdırmaları elmi nəşrlərdə cəmləşdirməklə biz demək olar ki, bir sıra yeniliklərə imza atmışıq. Hesabat ilində institut əməkdaşlarının Türkiyədə 1, Azərbaycanda 8 kitab və 1 tədris-metodiki vəsaiti, 198 məqaləsi və tezis, internet saytlarında və qəzetlərdə isə 110 məqaləsi çap olunub. Onlardan 125-i xarici ölkələrdə - Türkiyə, Rusiya, Gürcüstan, Pakistan, Ukrayna, Polşa. Almaniya, Rumıniya, BƏƏ, ABŞ-da işıq üzü görüb. Bundan əlavə, impakt faktorlu jurnallarda 9 məqalə çap edilib. Türkiyə, Rusiya, İspaniya, Ukrayna, Polşa, Norveç, Türkmənistan, Belarus, Keniya və digər ölkələrin alim və tədqiqatçıları institut əməkdaşlarının əsərlərinə 41 dəfə istinad ediblər. Bütün nəşrlərimizin elektron forması internet səhifəmizdə yerləşdirilib, həmçinin universitetlərə də göndərilib. Araşdırmalarımız erməni ictimaiyyəti tərəfindən xüsusilə izlənilir, onlardan çox sayda reaksiyalar alırıq. Səhifələrimizdə yerləşdirilən məqalə və digər vəsaitləri oxuyurlar və çox sərt reaksiyalarla üzləşirik.Erməni alimləri öz məqalələrində bizim materiallarımıza istinad edərək münasibətlərini bildirirlər”.

 

AzEdu Təhsil Portalının təsisçisi  Elşad Eyvazlı post-müharibə dövründə bir sıra lazımı işlərin görülməsinin vacibliyini qeyd edib:

 

“Ermənistanın 30 il Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə erməni alimləri də sakit dayanmırdılar. Naxçıvana, Gəncəyə, Goranboya və digər bölgələrimizə də ərazi iddiaları irəli sürürdülər. Biz tamamən parçalanmışdıq, alimlərimiz də bu iddialara cavab verməyə çalışırdılar. Prezident İlham Əliyev çıxışında Ermənistanın maddi və mənəvi təzminat öhdəliyinə diqqət çəkdi. Bəs Azərbaycan alimləri, iqtisadçıları, maliyyəçiləri, hüquqşünasları, jurnalistləri, mədəniyyət işçiləri bu istiqamətdə nə iş görürlər? Hər birimiz öz sahələrimizdə aktivlik nümayiş etdirməliyik. Hazırda Ermənistanda uşaqdan böyüyə bütün əhali diqqətini Qarabağ məsələsinə yönləndirib, hər biri bu məsələdən danışır. Amma biz araşdırmalar edərək faktlarla onları susdurmaqda çətinlik çəkirik. Müəyyən işlər görülür, amma tam diqqət cəlb edilmir. Elm adamlarımız möhtəşəm işlər də ortaya qoya bilərlər, amma məsələ bununla bitmir. Biz cəmiyyət olaraq həmin işləri görə bilmiriksə, bu bizim günahımız deyil”.

 

“Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmovanın regionun araşdırılmasında mövcud olan problemlər, ümumilikdə araşdırma zamanı diqqət edilməli olan məqamlar barədə sualına cavab olaraq M. Qasımlı elmin nəzəriyyəsinə uyğun planlama edilməli olduğunu bildirib:

 

“Elmi sağlamlaşdırmaq lazımdır. Həmçinin elmi tədqiqatlara gənc və bacarıqlı kadrları cəlb etmək zəruridir. Biz də buna çalışırıq. Hər hansı araşdırma bəlli bir mənbə və ədəbiyyatın əsasında aparılır. Hazırkı dövrdə demək olar bütün materialların elektron versiyası mövcuddur. Biz də mümkün mənbələrdən istifadə edirik. Bütün mənbələr mükəmməl olmaya bilir, amma əsas məsələ onu necə təhlil etməkdir. İlk olaraq ideya olmalıdır, daha sonra isə konsept gəlir. Gərək nə etmək istədiyini, bunun üçün hansı vasitələrə ehtiyac olduğunu, çalışdığın kadrların potensialını müəyyənləşdirəsən. Qısacası, elmin nəzəriyyəsinə uyğun planlama qurmaq lazımdır”.

 

“Bizim.media”nın əməkdaşı Aləmdə Nəsibin institutda hazırlanan materiallara əlçatanlığın nə dərəcədə təmin olunması ilə bağlı sualını cavablandıran institut direktoru bütün materialların elektron formalarının mövcud olduğunu bildirib:

 

“Hazırladığımız materialları, nəşr olunan vəsaitlərin sadəcə elektron formatlarını saytımıza yükləməklə kifayətlənmirik. Kitab hazır olduqdan sonra kitabxanalara, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, akademiyalara, bütün universitetlərə göndəririk. 10 ölkədə məqalələrimiz yayımlanıb”.

 

Professor Azərbaycan elmindəki əsas problemlərdən söz açaraq, elmdə bəzi məqamlara yol verilmədiyini vurğulayıb:

 

“Akademik elm heç vaxt təbliğat xarakteri daşımamalıdır. Tarix elmi siyasətyönlüdür. Hər dövlətin öz həqiqəti var. Əsas məsələ onu metodoloji prinsiplərlə qələmə almaqdır. Elmimizdə ən böyük problem tədqiqatların metodoloji prinsiplərinin bilinməməsidir. Tədqiqat işi sırf elmi tədqiqat metodlarının əsasında aparılmalıdır. Bir ölkənin tarixçilərinin inqilab dediyi hadisəni başqa ölkənin tarixçiləri çevriliş adlandıra bilərlər. Elm təbliğat vasitəsi olmamalıdır. Propaqanda materialları xarici platformalara çıxış əldə edə bilməz. Bizim materiallarımızda propaqanda yoxdur, müqayisəli təhlil var. Ərsəyə gətirilən material daha sonra deputat, siyasətçi, jurnalist tərəfindən sadəcə təbliğat vasitəsi kimi istifadə edilər bilər. Jurnalist hər hansı elmi məqaləni publisistik üsluba çevirərək ictimaiyyətə təqdim edə bilər.Görülən elmim işlərin populyarlaşdırılması, tanıdılması lazımdır ki, bu da akademiya ilə mətbuat arasında əməkdaşlıqdan keçir”.

 

Professor institutun saytının ziyarətçiləri arasında ABŞ, ÇİN, Yaponiya kimi ölkələrin ilk sırada yer aldığını bildirib:

 

“İnstitutun www.caucasusstudies.az saytına il ərzində 4200 baxış, əsasən Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Fransadan olub. “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının www.jcs.az  saytına il ərzində 1600 baxış olub. İlk beşliyi Azərbaycan, ABŞ, Çin, Yaponiya və Ukrayna tutur”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq