Modern.az

Səfər Əbiyev: “...müharibə hələ bitməyib”

Səfər Əbiyev: “...müharibə hələ bitməyib”

4 May 2013, 13:27

Mayın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev mərasimdə çıxış edib.
Modern.az-ın məlumatına görə, müdafiə nazirinin çıxışı zamanı bildirib ki, Silahlı Qüvvələri Heydər Əliyevə bağlayan elə qırılmaz tellər var ki, əsrlər keçsə də, bu bağlılığı ayırmaq mümkün olmayacaq.

”Vahid komandanlığa tabe olan Silahlı Qüvvələrin yaradılması məhz onun adı ilə bağlıdır. Peşəkar hərbçi üçün bunun nə demək olduğunu təkrar izah etməyə gərək yoxdur”.

Səfər Əbiyev bildirib ki, Heydər Əliyevin zəngin və çoxşaxəli irsi Azərbaycanın Silahlı Qüvvələri tərəfindən dərindən öyrənilməli və hər bir zabit, general üçün onun ordu haqqında söylədiyi fikirlər, tövsiyələr əməli fəaliyyət proqramına çevrilməlidir. 

”Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Milli Ordu quruculuğu sahəsində də yeni mərhələlərin təməlini qoymuşdur. Xüsusilə qeyd etmək istərdim ki, ordu siyasətində onun açdığı iz bu gün cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir. Mən siyasi varisliyin bir parlaq cəhətini də məhz burada görürəm”.

S.Əbiyev xatırladıb ki, 1971-ci ildə Heydər Əliyev tərəfindən Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb. “Sovet sisteminin o zamankı tələbləri ilə uyğunlaşmayan belə bir təşəbbüsün reallaşmasının nə dərəcədə ağır olduğunu dərk etmək çətin deyildir. Heydər Əliyev bunun yarada biləcəyi siyasi problemləri də gözəl bilirdi. Buna baxmayaraq o öz ideyasından bir addım da olsun geri çəkilmədi. Hərbi liseyin təşəkkülü üzərində dayandı və ona nail oldu. Cəmşid Naxçıvanski adına Hərbi Lisey onun həyatının ən böyük işi, Azərbaycanın hərb tarixində yaratdığı ən monumental abidələrdən biridir. Bu gün həmin hərbi liseyi bitirən yüzlərlə zabitimiz vətənin keşiyini şərəflə qoruyaraq düşmənə qarşı əzmlə mübarizə aparır. Liseyi bitirmiş neçə-neçə gənc göstərdiyi rəşadətə görə Milli Qəhrəman adına layiq görülmüşlər”.
Nazirin sözlərinə görə, Heydər Əliyevin apardığı düşünülmüş uzaqgörən siyasət nəticəsində əvvəllər Sovet İttifaqına məxsus bütün silah-sursat,  hərbi texnika, təsərrüfat əmlakı və texniki qurğular Azərbaycanın sərəncamına keçib, ölkəmizin digər bölgəsindən fərqli olaraq burada heç bir dağıntı və talanlara yol verilməyib.

Nazir bildirib ki, Ermənistan-Azərbaycan müharibəsi, azğınlaşmış erməni işğalçılarının ərazilərimizi zəbt etmək cəhdləri Respublikamızın müstəqilliyinə ən böyük təhlükə idi. Prezident Heydər Əliyevin apardığı gərgin iş 1994-cü ilin mayında cəbhədə atəşkəs rejiminin əldə edilməsi ilə nəticələndi.

”Bu, o zaman Heydər Əliyev tərəfindən düşünülmüş strateji addım idi. Əgər göz önünə gətirsək ki, həmin vaxt Silahlı Qüvvələrimiz nə vəziyyətdə idi, onda Heydər Əliyevin ən doğru yol seçdiyinə bir daha inanmış olacağıq. Düşmənimizə havadarlıq edənlərin hansı rolu ifa etdiklərini də buraya əlavə etsək, həqiqətən, ulu öndərin nə qədər uzaqgörən olduğunu isbat etməyə qətiyyən ehtiyac yoxdur. Digər tərəfdən bununla xarici və daxili siyasəti dövrün tələblərinə uyğun aparmaq, ölkə iqtisadiyyatını və ordu quruculuğunu inkişaf etdirmək üçün şərait yaradıldı. Bir az da obrazlı ifadə etsəm həmin məqam Azərbaycanın nəfəs alması üçün olduqca zəruri idi”.

S.Əbiyev daha sonra deyib:

”Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda dediyi kimi, bu gün Azərbaycanda hərbi xərclərə sərf olunan vəsait Ermənistanın bütün büdcəsindən 50 faiz artıqdır. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və müharibə şəraitində yaşayan ölkə, ilk növbədə ordu quruculuğuna diqqət göstərməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir və torpaqlarımız işğaldan azad olmayana qədər bu belə olacaqdır. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün biz bütün imkanlardan istifadə edir və edəcəyik”.

Səfər Əbiyev çıxışını Ali Baş Komandanın sözləri ilə yekunlaşdırıb:

- «Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ bitməyibdir. Biz hər an öz doğma torpağımızı azad etməyə hazır olmalıyıq. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək. Biz Qələbə gününü görəcəyik... Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır».
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müqəddəs ruhu qarşısında əsgəri ehtiramla baş əyir, bu böyük, yenilməz dahi insanın ideyalarına bundan sonra da sadiq olacağımıza and içir və Ali Baş Komandan cənab İlham Əliyevin hər bir əmrinə hər an hazır olduğumuzu bəyan edirik.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...