Xəbər verdiyimiz kimi, aprelin 30-da AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Türk xalqları Ədəbiyyatı” şöbəsinin elmi işçisi, şəhriyarşünas alim Xalidə Xalid İranda xüsusi xidmət orqanları tərəfindən həbs olunub.
Xalidə Xalidin həbsindən bir neçə gün keçməsinə baxmayaraq, İran tərəfi hələ də onunla bağlı hər hansı rəsmi məlumat yaymayıb.
Onun hansı səbəbdən həbs olunması tam açıqlığı ilə məlum deyil.
Azərbaycanlı alimin həbsi ilə bağlı son durumun nə yerdə olduğunu öyrənmək üçün Modern.az-ın əməkdaşı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Xalidə Xalidlə bağlı məsələni nəzarətdə saxladıqlarını bildirib.
“Bu məsələ tərəfimizdən araşdırılır.Azərbaycanın İrandakı səfirliyinə lazımı təlimat verilib. Hələlik yeni bir məlumat yoxdur”-deyə nazirlik rəsmisi vurğulayıb.
Xatırladaq ki, Xalidə Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Onun oğlu Xalid Məmmədli anasının İrana şəhriyarşünas alim kimi elmi işi ilə bağlı getdiyini bildirir.
Anar Rüstəmov