Mayın 4-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının Beynəlxalq Gənclər siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransa Rusiyadan və Ukraynadan da nümayəndələr qatılıb.
Tədbir başlamazdan öncə qonaqlar Fəxri xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətin apardığı gənclər siyasətinin mühüm rolu olduğunu bildirib, bu siyasətin banisinin məhz Heydər Əliyev olduğunu vurğulayıb.
Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz nitqində gənclərin hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutduğunu bildirib. O, Heydər Əliyevin həmişə gənclərə güvənərək, onlara böyük etimad göstərdiyini xatırladıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatları Ağalar Vəliyev, Mixail Zabelin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakından, hər bir işə yüksək təşəbbüskarlıqla yanaşmaqlarından danışıblar.
Daha sonra Taras Şevçenko adına Kiyev Milli Universitetinin 5-ci kurs tələbəsi, Kiyev Şəhər Tələbə Şurasının üzvü İvanova İlona İqorevnanın, Volqoqrad vilayəti Gənclər Birliyinin rəhbəri Bəşirov Timur Talipoviçin, Taras Şevçenko adına Kiyev Milli Beynəlxalq Münasibətlər Universitetinin 4-cü kurs tələbəsi Dubrovnaya Yuliya Anatolyevnanın, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərovanın, Volqoqrad regional “İntegral” ictimai gənclər təşkilatının Əlaqələndirilmə Şurasının sədri Aleşeçkin Aleksandr Borisoviçin müxtəlif mövzulard çıxışları dinlənilib.
Modern.az