Modern.az

Azərbaycanın hansı səfirlikləri xarici mətbuatla ünsiyyət qura bilmir? - PPOBLEM

Azərbaycanın hansı səfirlikləri xarici mətbuatla ünsiyyət qura bilmir? - PPOBLEM

7 May 2013, 09:50

Bu gün Azərbaycan Respublikasının 57 xarici ölkədə səfirliyi, 11 şəhərdə konsulluğu, Avropa Şurası, BMT, BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında, NATO və YUNESKO-da daimi nümayəndəliyi fəaliyyət göstərir. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq arenada apardığı xarici siyasətin həyata keçirilməsi diplomatların üzərinə böyük məsuliyyət qoyur. Onlar bu işi ölkəmizin maraqlarının təmin olunmasına istiqamətləndirməyə çalışmalıdırlar. Diplomatlarımız bunu bacarırlar ya yox?
Araşdırmalar göstərir ki, bir çox hallarda səfirliklərimiz öz fəaliyyətində bu missiyanı yerinə yetirə bilmir. Məsələn, bəzən onlar fəaliyyət göstərdikləri ölkələrdə yerli mətbuatla yaxşı münasibət qurmaqdansa, öz informasiyalarını Azərbaycan mediasına göndərməyə, burada yaymağa çalışırlar. Məlumatların Azərbaycan mediasında işıqlandırılması pis hal deyil, amma vacib məsələ bu informasiyalarla xarici mətbuata çıxmaq, onların diqqətini cəlb etməkdir. 

Millət vəkili Asim Mollazadə Modern.az saytına açıqlamasında bu fikirlə razı olmadığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın xaricdə fəaliyyət göstərən bir sıra səfirlikləri həmin ölkələrin mediasını məlumatlandırmağa çalışırlar.

“Son vaxtlar səfirliklərimizin xarici media ilə münasibətləri daha da intensivləşib. Azərbaycanla bağlı bir sıra məqalələr, məlumatlar məhz səfirliklərin dəstəyi ilə xarici ölkələrin media orqanlarında çatdırılır. Bununla yanaşı, bütün səfirliklərin internet saytları var, Facebook, twitter sosial şəbəkələri vasitəsilə məlumatları yayırlar”. 

Deputat vurğulayıb ki, yeni gənc diplomatlar Azərbaycan səfirliklərinə gəldikdən sonra bu fəaliyyətdə güclənmə müşahidə olunur.

“Fikrimcə bu istiqamətdə işlər daha da artıb. Beynəlxalq media və beynəlxalq ictimaiyyəti məlumatlandırmağa gəlincə, bu ancaq diplomatların vəzifələri deyil. Azərbaycanın ictimai-siyasi təşkilatları, Azərbaycan jurnalistləri də öz məsləkdaşları ilə münasibət quraraq ölkəmiz barəsində, Azərbaycanı tanıtmaq baxımından fəaliyyət göstərməlidirlər. Bu məsələni ancaq diplomatların üzərinə buraxmaq düzgün deyil. Diplomatların fəaliyyəti çox geniş olduğuna və münasibətlər yalnız media ilə məhdudlaşmadığına görə, fikrimcə, bu istiqamətdə hamı çalışmalı, hamı öz töhfəsini verməlidir”.

Media eksperti Qulu Məhərrəmli bildirib ki, Azərbaycanı xarici ölkədə təmsil edən hər hansı siyasi qurum öz fəaliyyəti ilə bağlı həm təmsil etdiyi ölkənin mətbuatında məlumat verməli, həm də Azərbaycanı çalışdığı ölkədə təmsil etməlidir.

“Burada çətinlik ondan ibarətdir ki, Azərbaycan mediasında bununla bağlı problem yoxdur. Amma xarici ölkələrdə fəaliyyət göstərən səfirliyin çətinliyi ondan ibarətdir ki, həmin ölkənin mediası hadisələri, xəbərləri seçməkdə müstəqildir, onlar üçün maraqlı olan məlumatları öz səhifələrində dərc etməyə çalışırlar. Bu baxımdan səfirliyin işinin miqyası, mahiyyəti elə olmalıdır ki, həmin medianın diqqətini cəlb edə bilsin. Azərbaycan maraqlı ölkələrdən biridir, Azərbaycan səfirliklərinin imkanı var ki, çalışdıqları ölkələrdə media ilə normal münasibət qursunlar, ünsiyyət yaratsınlar və ölkəmizin PR-nı orada təşkil etsinlər. Bu həm də səfirliklərin işgüzarlığı və xarizması ilə bağlıdır”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi