
“Əgər ARDNŞ-nin balansında olan ərazi yararsızdırsa, yəni həmin torpaqlarda neft hasilatı yoxdur və torpaqlar çirklənibsə, rekultivasiya olunmalıdırsa, onda həmin ərazilər bələdiyyələrə veriləcək”.
Bunu Modern.az-a Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən bildiriblər. Komitədən verilən izaha görə, ilk olaraq yararsız torpaqların təyinatı dəyişməlidir:
“Həmin torpaqlar da Bakı şəhər İcra hakimiyyətinin tərkibinə ona görə verilir ki, icra hakimiyyəti sonradan həmin torpağı bələdiyyələrin balansına versin. Bu zaman BŞİH mütləq Dövlət Torpaq Komitəsinin və Əmlak Komitəsinin rəylərini də nəzərə almalıdır, çünki sözügedən ərazilər dövlət mülkiyyəti hesab olunur”.
Qeyd edək ki, ARDNŞ balansında olan ərazilərdə qanunsuz tikililərlə bağlı apardığı araşdırmaların nəticəsi olaraq neft hasilatı üçün yararlı olmayan torpaq sahələrini Bakı şəhər İcra Hakimiyyətinə qaytaracağına söz verib. Şirkət prezidenti Rövnəq Abdullayevin bir müddət öncə belə bir açıqlama ilə çıxış etməsi neft şirkətinin istifadəsində olan yararsız torpaqlardakı sənədsiz evlərin sakinlərini sevindirmişdi. Çünki ARDNŞ vaxtaşırı olaraq sənədsiz evlərin sakinlərini narahat edir, həmin tikililəri sökməklə hədələyirdi.
Modern.az-a açıqlamasında ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, bununla bağlı təkliflər şirkətin tərkibindəki komissiyaya təqdim edilməlidir. Onun sözlərinə görə, son nəticədə komissiya qərar verəcək ki, hansı torpaqları icra hakimiyyətinə təhvil vermək lazımdır, hansılar isə ARDNŞ-nin istifadəsində qalmalıdır. ARDNŞ rəsmisinin sözlərinə görə, hələlik məsələ ilə bağlı müzakirələr olmayıb.
Gültəkin ƏLƏSGƏR