“Məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması, dindarlar ordusu yetişdirmək demək deyil, dini dəyərlər və dini mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir. Bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində "Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur”.
Bunu Modern.az-a açıqlamasında QMİ sədrinin müavini Qəmər Cavadlının məktəblərdə din dərslərinin tədris olunması ilə bağlı fikirlərinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert vurğulayıb ki, dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil almağı fərq etmir:
"Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, həm şagirdlərin dini cəhətdən savadlanması sağlam əsaslar üzrə baş versin, həm də onlar tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənsinlər. Din fəninin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalıdır. Amma vacib bir məqamı qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının və "Təhsil haqqında" Qanunun tələblərinə görə, din dövlətdən ayrıdır. Qanunvericilik aktlarına görə, orta məktəblərdə hansısa dini mərasimlərin keçirilməsi, onun təbliğ edilməsi yolverilməzdir”.
Professor Şahlar Əsgərov deyib ki, dinlə bağlı fənnin tədrisinə ehtiyac yoxdur:
“İslam mədəniyyətinin elementləri adı altında fikirlər öyrətmək zəruridir. Bir nazir rəhmətə gedir, digər rəsmilər gedir əlini cüt tutur, başını aşağı əyir ürəyində nə dediyini bilmədən 30 saniyə sonra əllərini üzlərinə çəkirlər. Buna görə dinin elementlərini, dinlə bağlı gündəlik rast gəldiklərimizi öyrənmək lazımdır. Bunu da təbii ki, orta məktəbdə öyrətmək olar. Ayrıca dini fənnin olamsına nə ehtiyac var?! Tədbirdə, iclaslarda bunları şagirdə öyrətmək mümkündür”.