Modern.az

Xarici diplomların tanınması qanunla necə tənzimlənir...

Xarici diplomların tanınması qanunla necə tənzimlənir...

Təhsil

15 Dekabr 2022, 15:12

Bəzi hallarda xarici ölkələrdə təhsil almış şəxslərin diplomları Azərbaycan Respublikasında tanınmır və ya tanınmasında müəyyən çətinliklər yaranır. Bəs bu hallar qanunvericilikdə necə tənzimlənir?

 

Modern.az-ın sualına Azərbaycan Vəkillər Kolleyigasının üzvü, vəkil Faiq Dünyamalıyev aydınlıq gətirərək bildirib ki, belə hallar müxtəlif səbəblərdən yaranır.

 

- İlk olaraq qeyd edim ki, vətəndaşlar arasında diplomların tanınması kimi bilinən hal, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsindən ibarət olan hərəkətlərdir və bu funksiya  Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bəzi hallarda vətəndaşlar xarici ölkələrdə müxtəlif  ali təhsil ocaqlarında təhsillərini tamamladıqdan sonra peşə fəaliyyətinə başlamaq məqsədilə həmin təhsil müəssisələrindən aldıqları ali təhsil barədə sənədləri təsdiq etməli olurlar. Bununla bağlı müraciət etdikdə isə imtinaya səbəb olan hər hansı hal mövcud olduqda ali təhsil haqqında sənədin təsdiq olunmsaından imtina olunur.

 

Burada əsas diqqət olunmalı məqam  imtinaya səbəb olan hallardır. Ümumiyyətlə ali təhsil barədə sənədlərin təsdiq edilməsindən imtina olunması milli qanunvericiliklə yanaşı həmdə  beynəlxalq qanunvericiliyə uyğun olmalıdır. Çünki, Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır milli qanunvericiliklə yanaşı beynəlxalq müqavilələrə əsaslanır.

 

Bir sözlə, şəxs xaricdə aldığı diplomun təsdiqi üçün, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı şəhadətnamə almalıdır.

 

Bəs hansı hallarda bu şəhadətnamənin verilməsindən imtina oluna bilər?

 

- Bu məsələ qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Burada şəxsin xaricdə aldığı təhsil və həmin təhsilin məzmunu Azərbaycan Respublikasının təhsil standartlarına uyğun olmalıdır. Bu uyğunluq müəyyən edilərkən müvafiq ekspert qrupu təşkil edilir və qiymətləndirmə keçirildikdən sonra rəy verilir. Mənfi rəyin verilməsi təsdiqdən imtina olunması üçün əsasdır.

 

Mənfi rəyin verilməsinə hansı hallar səbəb ola bilər?

 

Mənfi rəy aşağıdakı hallarda verilə bilər:

 

- xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda;

 

- təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa);

 

- xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

 

Bundan əlavə təcrübədə şəxsin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında təhsil aldığı  ölkədə qısa müddət ərzində olması (məs: tələbə 4 il əyani təhsil müddətində cəmi 1 ay həmin ölkədə olub), tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasının mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması və ya təhsil aldığı müəssisənin akkreditasiyadan keçməməsi kimi hallarda imtinaya səbəb olur.

 

Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik (uyğunluq) haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.

 

Ümumiyyətlə gələcəkdə bu kimi problemlərlə üzləşməmək üçün  hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə xarici olkələrdə olan təhsil müəssisəsinin nizamnaməsi, təhsil sahəsində fəaliyyət üçün lisenziyası, təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənədləri ilə tanış olmalıdırlar.

 

Bütün göstərdiyimiz hallarla əlaqədar xaricdə təhsil almaq arzusunda olan şəxslər bu hallara diqqət etməlidirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi