“Mən Əli Əhmədovun Milli Şura ilə bağlı dediklərini qeyri-səmimi hesab edirəm”. Bunu Modern.az saytına açıqlamasında “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev YAP icra katibi Əli Əhmədovun Milli Şura ilə bağlı səsləndirdiyi ittihamlara cavab verərkən deyib. “El” təmsilçisi onu da bildirib ki, hakim partiya istədiyi vaxt referendum keçirir və konstitusiyaya dəyişikliklər edir. Eyni zamanda Eldəniz Quliyev YAP rəsmisinə bir neçə sual ünvanlayıb. “ Azərbaycanda ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi məqsədilə demokratik düşərgənin, siyasi partiyaların bir araya gəlməsi Əli Əhmədovu niyə narahat edir? Təəccüblüsü budur”-deyə qeyd edib.
YAP icra katibinin Milli Şuranın sosial bazasının olmaması barədə dediklərinə Eldəniz Quliyev aydınlq gətirdi. “Bizim təşkilatda fəaliyyət göstərənlər öz vicdanlarının və ürəklərinin səsi ilə təmsil olunurlar. Əli Əhmədovun dediyi 700 min ordusu varsa, qoy onda narahat olmasın”-deyə ironiyasını gizlətməyib.
Xatırladaq ki, YAP sədrinin müavini, icra katibi, Əli Əhmədov APA-ya açıqlamasında Milli Şura ideyasını siyasi təxribat adlandırıb. O qeyd edib ki, Azərbaycanın konstitusion quruluşunda və siyasi sistemində hər hansı bir legitim Milli Şura təsisatı mövcud deyil və hüquqi cəhətdən belə bir qurum yoxdur.
Aqşin Kərimov