Millət vəkili Qənirə Paşayeva Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun jurnalistlərlə bağlı səsləndirdiyi təhqiramiz ifadəsinə münasibət bildirib. Modern.az-ın məlumatına görə, deputat Bakı merinin bu çıxışına təəssüf etdiyini bildirib:
“Çox təssüf edirəm. Amma təkcə bir millət vəkili, bir jurnalist kimi deyil, həm də sadə bir vətəndaş kimi. Bu cür davranış və ifadələri nəinki Bakı merinə heç kimə yaraşdırmıram. Ümid edirəm ki, Hacıbala müəllim də bu cür addımların cəmiyyətdə doğurduğu reaksiyanı da nəzərə alaraq bir daha bu kimi hallara yol verməyəcək”-deyə millət vəkili bildirib.
Deputat Aydın Mirzəzadə də Abutalıbovun bu hərəkətinə belə qiymət verib:
“Təəssüf edirəm ki, belə bir fikir gedibdir. Jurnalistlər cəmiyyətimizin görən gözü, danışan dilləridir. Onların zəhməti ilə cəmiyyət gedən proseslərdən xəbər tutur, müxtəlif fikirlərlə tanış olur, inkişaf prsosesinə öz əvəzsiz töhfələrini verirlər. Onların içərisində olan bir-iki təsadüfi şəxsə hamısına eyni qiymət vermək düzgün deyildir”.
Qeyd edək ki, Hacıbala Abutalıbov “jurnalist görəndə elə bil qəbirdə ölü görürəm” deyə jurnalistləri təhqir edib.
A.RÜSTƏMOV