2013-cü ildən Rusiyanın Cənub forpostu özünün son rolunu oynamağa başlayıb. Artıq Ermənistanın Gümrü şəhərində məskunlaşmış 102-ci rus hərbi bazası demək olar ki, respublikanın bütün ərazisinə nəzarət edir.
Əvvəllər ancaq Gümrü şəhərində yerləşən 102-ci rus hərbi bazası hazırda hərbi-texniki birləşmələrini və hərbi qulluqçularının sayını artırmaqla yanaşı, ərazisini də genişləndirərək əhatə dairəsinin bütün Ermənistana yayılması ilə diqqəti cəlb edir. Hətta 20 illik fasilədən sonra, 2012-cü ildən başlayaraq rus desant qüvvələri və xüsusi kəşfiyyat bölmələri Lori vilayətinin Pəmbək bölgəsi yaxınlında yerləşən “Dağlıq” təlim-tədris mərkəzindən də istifadə etməyə başlayıb.
Bu ilin əvvəlindən məlum oldu ki, dövlətlərarası razılaşmaya əsasən, Stepanavan hava limanı bütövlükdə cevik qüvvələrin xilasetmə mərkəzinin yaradılması məqsədilə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin istifadəsinə verilib.
Əslində siyasi reallıq baxımından Stepanavan aeroportunun rus hərbi bazasının və hərbi vertolyot bölmələrinin mərkəzinə çevrilməsi bu ərazilərin Rusiyanın tabeliyinə keçməsi deməkdir. Nəzərə alsaq ki, İrəvanın Erebuni və Gümrü hava limanlarında MİQ-29 hərbi təyyarələrindən təlim və real uçuşlar üçün istifadə olunur, onda məlum olur ki, Rusiyanın hərbi qüvvələri Ermənistanın şimalında və mərkəzində 2 hərbi təyyarə üçün, 1 vertolyot hava limanlarına malikdir.
Ermənistan rəhbərliyinin Rusiya prezidenti V.Putinə Xocalı hava limanının istismara hazır olması , lakin Azərbaycanın buna təhdidləri barədə müraciət etməsindən sonra Rusiyanın Xocalı hava limanından ilk öncə hərbi məqsədlər üçün istifədə edəcəyi məsələsi də gündəmə gəlib. Belə olarsa, 102-ci hərbi baza Dağlıq Qarabağı da öz nəzarətinə götürmüş olacaq.
102-ci hərbi baza son iki il ərzində Ələyəz (Araqats) dağının ətəyində təlim-hazırlıq işlərinin təşkilində də öz aktivliyini artırıb. 2012-ci ildə təkrar dövlətlərarası razılığa əsasən Rusiya və Ermənistanın hava hücumundan qorunma sistemlərinin birləşməsi haqqında razılaşma əldə olunub. Əslində buna birləşmə demək də düzgün olmazdı, çünki faktiki olaraq Ermənistanın və Dağlıq Qarabağın hava hücumundan qorunma sistemləri Rusiyanın tabeliyindədir.
Bununla da belə qənatə gəlmək olar ki, 102-ci rus hərbi birləşmələri bazası tək Gümrü şəhərində deyil, bütün Ermənistan ərazisində yerləşdirilib.
İsmayıl Tanrıverdi
BDU-nun Erməni araşdırmaları
ETL-in böyük elmi işçisi