Modern.az

Vətəndaşların külli miqdarda pulunu mənimsəyən vəzifəli şəxslərə cinayət işi açıldı

Vətəndaşların külli miqdarda pulunu mənimsəyən vəzifəli şəxslərə  cinayət işi açıldı

13 May 2013, 18:59

“Repair House” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb. 

Baş Prokurorluğun məlumatına görə, müəyyən edilib ki, MMC-nin direktoru Məhəmməd Alməmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin digər üzvləri ilə cinayət əlaqəsinə girərək Bakı şəhər sakinlərinin mənzillərinin təmiri ilə bağlı müxtəlif tarixlərdə müqavilələr bağlayıb, lakin faktiki olaraq həmin mənzillərdə təmir işləri aparılmayıb, bununla da vətəndaşlara ümumilikdə 113 min manat məbləğində ziyan vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

***

“Atrabank” Açıq Səhmdar Cəmiyyətinin Xəzər rayon filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri  barədə də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş məlumatlar araşdırılıb.

Müəyyən edilib ki, filialın vəzifəli şəxsləri tərəfindən 1 aprel 2011-ci ildən 1 sentyabr 2012-ci ilədək olan dövr ərzində saxta sənədlər əsasında, həmçinin bir çox hallarda yararsız vəziyyətdə olan avtomobillərin girov qoyulması yolu ilə 145-dən artıq vətəndaşın hər birinin adına kreditin rəsmiləşdirilərək mənimsənilməsi və yol verilmiş digər qanunsuz hərəkətlər nəticəsində ümumilikdə banka 600 min manatdan artıq məbləğdə külli miqdarda ziyan vurulub.           

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama