Son üç ayda dələduz bir dəstənin girovuna çevrilən “AZinterVAL” MMC şirkəti hüquq-mühafizə orqanlarına, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəfələrlə müraciətlər etsə də, heç bir nəticəsi olmayıb. Hər yerdən əli üzülən “AZinterval” MMC-nin direktoru Elman Yusifov kömək səsinin daha yuxarılara çatdırılması üçün Modern.az-a müraciət edib.
Qeyd edək ki, “AZinterVAL” MMC şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkət xarici-iqtisadi əlaqələrini rəhbər tutaraq dünya brendləri sayılan “Valvoline” və “Petronas” sürtgü yağlarının Azərbaycan üzrə nümayəndəliyi kimi fəaliyyət göstərir.
Onlarca şirkətin və sahibkarların külli miqdarda pulunu mənimsəyən dələduz dəstənin əlindən təngə gələn “AZinterVAL” MMC-nin direktoru Elman Yusifov bildirib ki, üç ayda özlərini sahibkar kimi təqdim edən iki şəxs Səmədov Yaşar Ağakərim oğlu və Nəcəfova Roza Teymur qızı şirkətə gələrək sahibkarlıqla məşğul olduqlarını bildiriblər. Şirkət rəhbərinin sözlərinə görə, onlar hər birinin ayrı-ayrılıqda yük avtomobilinin olduğunu söyləyiblər:
“Yaşar Səmədov və Roza Nəcəfova şirkətimizin xaricdən idxal etdiyi keyfiyyətli Avropa istehsalı mühərrik yağlarına ciddi ehtiyacları olduqlarını bildirdilər. Yaşar Səmədov bizdən müqavilə əsasında pulu 10 günə ödəmək şərti ilə 7300 manat, Roza Nəcəfova isə 6500 manat dəyərində sürtgü yağı alaraq gediblər. Həmin tarixdə onlara yük avtomobilləri üçün şinlər lazım olduğunu söylədilər. Onları Mehdiyev Amil Güloğlan oğlunun Babək prospektində yerləşən pərakəndə satış dükanına istiqamətləndirdim. Sonradan isə bəlli oldu ki bunlar dələduzluqla məşğul imişlər. Amil Mehdiyevin etimadını qazanaraq pulu 10 günə ödəmək şərtilə ondan 31 400 manat dəyərində şinləri götürərək aradan çıxıblar. Artıq bu ilin fevralın 10-da bizdən alınan malların “qara” bazarda satıldığını öyrəndik. Demə, həmin mallar dəyərindən iki qat aşağı qiymətə bazarda müxtəlif insanlara satılıb. Həmin tarixdən üç ay vaxt keçməsinə baxmayaraq bu dələduz dəstə götürülən malların dəyərini ödəməkdən yayınaraq qaçırlar”.
Dələduz dəstənin onlarca belə insanı, şirkəti aldatdıqlarını və həmin insanların etimadını qazanaraq onların mallarını mənimsədiklərini deyən Elman Yusifovun sözlərinə görə, bu dəstəyə himayədarlıq edənlər olduğundan onlar sərbəst halda cinayət törədirlər:
“Onlar insanların mallarını, əmlakını mənimsəyərək sahibkarları müflis edirlər. Necə olur ki, hüquq-mühafizə orqanları sahibkarların bu ağrılı dərdinə biganə yanaşırlar. Bizə, 3 sahibkara 45000 manat ziyan vurulub. Həmin 45000 manat dəyərində malı ölkəyə idxal etdikdə, dövlət büdcəsinə təxminən 20 000 manat vəsait ödənilib. Halbuki, 45000 manat dəyərində mal dələduzlarda 3 ay müddətində qaldıqda dövlətimizə 60 000 manat ziyan dəyib. Təəssüflər olsun ki, hara müraciət etdiksə, heç kim buna fikir vermədi”.
Qeyd edək ki, özünü Səmədov Yaşar Ağakərim oğlunun həyat yoldaşı kimi təqdim edən Məmmədova Esmira Əvəz qızı, Səmədov Yaşar Ağakərim oğlu, Məmmədov Ənvər Müzəffər oğlu və Nəcəfova Roza Teymur qızının dələduz əməlləri barədə bir müddət əvvəl də saytımızda yazı dərc olunmuşdu. O yazıda dələduz dəstənin saxta sənədlərlə banklardan külli miqdarda kredit götürmələrindən bəhs olunmuşdu.
Gültəkin ƏLƏSGƏR