Prezident seçkiləri yaxınlaşdıqca Azərbaycanda siyasi müzakirələr daha da artır. Bir çox ziyalıların daxil olduğu Milli Şura seçkilərdə müxalifətin vahid namizədlə çıxış etməsini təklif edir və bununla bağlı danışıqlar aparır. Politoloq Zərdüşt Əlizadə Modern.az-a mini-müsahibəsində Milli Şuranın perspektivlərini şərh edib.
–Milli Şuranın yaranması ilə AXC-nin yaranması arasında hər hansı bir paralel aparmaq olarmı?
– Çətin. Çünki o zaman böyük bir ideya var idi. Və çox geniş xalq hərəkatı vardı. İnsanlar AXC-yə böyük islahat üçün üzv olurdu. Amma indi isə hakimiyyət uğrunda mübarizə gedir. Geniş islahat ümidi xalqda yoxdur. O vaxt əsas ideyamız Azərbaycanın müstəqilliyi idi. O vaxt elə bir fikir var idi ki, müstəqillik qazandıqdan sonra bir çox problem həll olunacaq. Əsas maneə kimi isə Rusiyanın görürdülər. Lakin indi xalq anlayır ki, özümüz-özümüzə mane oluruq. Və bu işdə Rusiyaya “ehtiyacımız” yoxdur. Millətin öz keyfiyyəti də göz qabağındadır. Buna görə də Milli Şura ilə bağlı geniş hərəkatın yaranmasına inanmıram.
– Vahid namizəd seçilsə, seçkidə müxalifətin qalib gəlmək şanslarını necə qiymətləndirirsiniz?
– Demokratik seçkilərdə bəli, şans var. Amma Azərbaycanda demokratik seçki olmayacaq. Bu iqtidar hakimiyyətə yağlı tikə kimi baxır, onu əldən verməz.
Vüqar İsmayılov