“Prokurorluğun fikrincə, bu təklif guya demokratik dəyərlərə və prinsiplərə söykənir və daha humanist yanaşma hesab edilir, başa düşülmür - “humanist yanaşma” dedikdə layihənin müəllifləri nəyi nəzərdə tuturlar”
Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Baş Prokurorluq tərəfindən təqdim olunan qanun layihəsi də müzakirə edilib. Müzakirələrə sabiq respublika prokuroru, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov da qatılıb. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İ.İsmayılov həmin təklifə tənqidi yanaşıb: “Layihədə inzibati həbs müddətinin on beş gün əvəzinə üç ay müəyyən edilməsi nəzərdə tutulur. Ən maraqlısı da odur ki, prokurorluğun fikrincə, bu təklif guya demokratik dəyərlərə və prinsiplərə söykənir və daha humanist yanaşma hesab edilir. Sadəcə olaraq başa düşülmür - “humanist yanaşma” dedikdə layihənin müəllifləri nəyi nəzərdə tuturlar. Məlumdur ki, humanizm bir nəzəriyyə və idarəçilik fəaliyyətinin prinsipi kimi ideyalar sistemindən və onlardan doğan tələblərdən ibarətdir. Lakin humanizm konsepsiyasının əsasını insanın ən ali sərvət olması təşkil edir. Bu prinsip hər hansı bir hüquq pozucusuna da ilk növbədə insan və vətəndaş kimi münasibət bəslənilməsini, onların qanuni hüquqlarının təmin edilməsini, onlara əzab və işgəncə verilməməsini tələb edir. Humanizmin mahiyyət əlaməti olan ədalət prinsipi də tələb edir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən inzibati cəza xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olsun. Əlbəttə, inzibati həbsin on beş gündən üç ay müddətə qaldırılması da heç bir halda hər hansı inzibati xətanın xarakterinə uyğun deyil.
Digər tərəfdən, biz hüquqi dövlət quracağımızı Konstitusiyamız vasitəsilə bütün dünyaya bəyan etmişik. Odur ki, bütün fəaliyyətimizdə, xüsusilə də qanun yaradıcılığında hüquqi dövlət konsepsiyasına uyğun fəaliyyət göstərməliyik. Hüquqi dövlət konsepsiyası isə tələb edir ki, insanları, totalitar rejimlərdə olduğu kimi ciddi qadağalar əsasında, cəzaların ağırlaşdırılması yolu ilə deyil, icazə, inandırma metodları ilə tərbiyə edək. Deməli, fəaliyyətimizdə icazəverici və həvəsləndirici normalara üstünlük verməliyik. Bu baxımdan da prokurorluğun təklifini qəbul etmək olmaz. Fikir verin: bu təkliflə inzibati həbsin müddəti cinayət cəzasının müddəti qədər olur. Axı cinayətkara tətbiq olunan cinayət cəzasının aşağı həddi də üç aydır. Digər tərəfdən, ən ağır cinayətlərə görə cinayətkarın haqqında qəti imkan tədbiri iki ay müddətinə seçilir, müəmmalı əsgər ölümünə etiraz edib icazəsiz mitinqə çıxanlara da iki ay müddətində inzibati həbs verilir. Bu heç cür başadüşülən deyil.
Konkret maddələrə olan dəyişikliklərə gəlincə, hörmətli həmkarım Qüdrət Həsənquliyevin dediklərini tamamilə dəstəkləyirəm”.
Modern.az