Modern.az

Rusiyada oxumaq istəyən abituriyentlərin nəzərinə!

Rusiyada oxumaq istəyən abituriyentlərin nəzərinə!

Təhsil

14 May 2013, 18:21

TQDK 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edib.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.  

İmtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17).  

Qeydiyyat 2013-cü il 22, 23, 24 may tarixlərində saat 10:00-dan 17:00-dək aparılacaqdır.  

İmtahanda iştirak etmək hüququna 2013-cü il may ayının 15-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5  olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək  hüququna malik deyillər. 

Qeyd: Rusiya Federasiyası ali məktəblərinə keçiriləcək müsabiqədə iştirak edən abituriyentlər imtahan nəticəsində müvafiq müsabiqə şərtini ödədikləri halda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun  müsabiqəsində iştirak edə bilərlər.  

SQK-ya aşağıdakı sənədlər təqdim edilməlidir:   

   1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün təsdiq olunmuş “Elektron ərizə”ni;  

  2. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini. 

 3. Şəxsiyyət vəsiqəsini.  

 4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsini.  

Müsabiqə iki  mərhələdən ibarətdir.  

I mərhələdə abituriyentlər öz seçimləri əsasında TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. “Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə,  “Beynəlxalq hüquq”  ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə imtahan verirlər.  

Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunur. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər. 

Test imtahanı 2013-cü  il mayın 29-da keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni  TQDK-nın internet saytından çap edib götürəcəklər.  

 Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan  abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə 2013-cü il mayın 31-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaqdır.  

Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün  təqdim olunacaqdır.  

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində cari il iyun ayının 27-də  aparılacaq. Bu mərhələdə abituriyentlərin  seçdikləri fakültədən asılı olmayaraq  rus dilindən bilikləri (şifahi və yazılı) yoxlanacaqdır. “Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.  

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları  www.mgimo.ru saytından əldə etmək olar. 

MDBƏİ-yə qəbul olanlardan aşağıdakı sənədlər tələb olunacaq: 

1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi. 

2. Milli pasportun surəti. 

3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil. 

4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış. 

5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi. 

6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat. 

7. Sifilis müayinəsinin nəticəsi. 

8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat. 

Azərbaycan Respublikasının vətəndaşları MDBƏİ-yə qəbul olduqları təqdirdə 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər. 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama