Modern.az

YAP-çı deputat: “Azərbaycan və Rusiya arasında danışıqlar gözlənilir”

YAP-çı deputat: “Azərbaycan və Rusiya arasında danışıqlar gözlənilir”

15 May 2013, 17:42

“Məsələnin heç bir siyasi yükü yoxdur. Bu sırf kommersiya məsələsidir”. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Müdafiə Məsələləri və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə Azərbaycan neftinin Rusiya ərazisi ilə tranzitinə dair qərarın ləğv olunmasına münasibət bildirərkən deyib.

Komitə sədrinin müavini bildirib ki, hər iki tərəf öz iqtisadi maraqlarını güdür. Bu cür məsələləri dünyada ölkələr arasında normal proses hesab edən deputat iqtisadi amillərə də toxunub. “Rusiya tərəfinin verdiyi xəbərə  görə neftin onların ölkəsinə daşınması iqtisadi cəhətdən sərfəli deyil. Çünki verilən qiymət onun xərclərini ödəmir. Bu baxımdan ilin axırına qədər razılaşmaya əsasən əvvəlki qiymətlə neftin nəqli həyata keçirləcək”-deyə qeyd edib. Deputat onu da əlavə edib ki, məsələ ilə bağlı Azərbaycan və Rusiya arasında danışıqlar olması gözlənilir. “Razılığa gəlinsə, gələn ilin yanvarından yeni müqavilə əsasında nəqlin davam etdirilməsi baş tuta bilər. Əks təqdirdə isə Azərbaycan öz neftini Bakı-Ceyhan ilə daşıya biləcək. Hər hansı bir razılaşma isə iki tərəfin də maraqlarına xidmət edəcək”. Millət vəkili qeyd edib ki, Azərbaycan və Rusiya arasında siyasi məsələlərdə ciddi fikir ayrılığı yoxdur. “İqtisadi məsələlərdə müəyyən təkliflərin verilməsi və yeni variantların axtarılması işgüzar münasibətlərin göstəricisi sayıla bilər”.

Xatırladaq ki,  Rusiya hökuməti Azərbaycan neftinin RF ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərar qəbul edib. Qərar Rusiyanın baş naziri Dmitri Medved tərəfindən mayın 5-də imzalanıb və bir müddət sonra KİV-də dərc olunub. Qeyd edək ki, Azərbaycan nefti Rusiya ərazisi ilə Bakı-Novorossiysk kəməri vasitəsilə nəql olunub.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama