Milli Şura ilə bağlı “Azadlıq” radiosunda aparılan müzakirələr söz davasına səbəb olub. Bir neçə siyasi partiya rəhbərinin qatıldığı siyasi debatda ADP sədri Sərdar Cəlaloğlu ilə Milli Şuranın təşəbbüskarlarından olan Eldəniz Quliyevin sözü çəp gəlib.
Modern.az saytının xəbərinə görə, Milli Şura ideyasını tənqid edən S.Cəlaloğlu bu təklifin özünü doğrultmayacağını bildirib. ADP sədrinin fikirlərini qəbul etməyən E.Quliyev isə S.Cəlaloğluna sərt cavab verib.
ADP sədri S.Cəlaloğlu öz növbəsində E.Quliyevi separatçılığa dəstək verməkdə suçlayıb. Həmçinin o bildirib ki, Milli Şuranımn Rusiyadan yarınması haqda yayılan xəbərlərinə R.İbrahimbəyov tərəfdarları aydınlıq gətirməlidir.
S.Cəlaloğlu həmçinin qeyd edib ki, Müsavat başqanı İsa Qəmbər Milli Şuranın əsas tərəfdaşı kimi görünsə də, o, bu təklifə qoşulmayacaq.
“İsa Qəmbər müəyyən vaxt keçəndən sonra Milli Şuradan geri çəkiləcək. Çünki onun bir “Qırmızı xətti” var, bu xəttə çatanda İsa Qəmbər də geri çəkiləcək".
Sərdar Cəlaloğlu Eldəniz Quliyevi Azərbaycan dövlətini parçalamaqda ittiham edib.
E.Quliyev cavabında S.Cəlaloğlunu iqtidara işləməkdə günahlandırıb.
Milli Şura ilə bağlı müzakirələrə ADP sədri ilə yanaşı, REAL hərəkatının üzvü Natiq Cəfərli, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan da qatılıblar.
Anar RÜSTƏMOV