Mayın 17-də Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasimdə iştirak edən Qafqaz xalqlarının müftiləri, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev qonaqlarla görüşüb.
Cümə məscidi ilə yaxından tanış olan dövlət başçısına burada görülmüş işlər barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycanın ən qədim tarixi-mədəniyyət abidələrindən sayılan Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilib.
Məsciddə qonaqlarla, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşən Prezident İlham Əliyev çıxış edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə dini abidələrimizin qorunub saxlanılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib və “Qurani-Kərim” hədiyyə edib.
Sonra Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayıl Berdiyev, Çeçenistan Respublikasının müftisi Soltan Mirzayev və Şamaxı ağsaqqalı Məcid Şikərov çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Prezidenti və qonaqlar çay süfrəsi ətrafında söhbət ediblər.
Modern.az