Turizm –Azərbaycan hökuməti bu sahəni qeyri-neft sektorunun inkişafı baxımından prioritet elan edib. İndiyə qədər, ölkədə turizmin inkişafına dair 2002-2005-ci illəri və 2010-2014-cü illəri əhatə edən 2 dövlət proqramının qəbul olunmasına, hətta 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsinə baxmayaraq mövcud potensialdan istifadə hələ arzuolunan səviyyədə deyil və turizm Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində ona bağlanmış ümidləri doğrultmur. Halbuki, əlverişli iqlim şəraitinə, gözəl təbiətə, zəngin mədəni-mənəvi irsə və zəngin mətbəxə malik Azərbaycanda turizmin inkişaf perspektivlərini beynəlxalq təşkilatlar yüksək qiymətləndirir.
Məsələn, BMT-nin Ümumdünya Turizm Təşkilatında (ÜTT) hesab edirlər ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən yüksək turizm potensialına malik ölkədir. Amma elə bu regionda, ölkəyə gələn turistlərin sayına və turizmdən əldə edilən gəlirin məbləğinə görə Gürcüstana uduzuruq. Məsələn, ötən il qonşu ölkənin turizm gəlirlərinin məbləği təxminən 1 milyard dollar olub. Azərbaycanda isə 2012-ci ildə turizm obyektləri cəmi 500 milyon dollar pul qazana biliblər.
Turizmin ümumi daxili məhsulda (ÜDM) çəkisi də əhəmiyyətli dərəcədə deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində yaradılmış əlavə dəyərin ÜDM-də payı cəmi 1,8% olub. Başqa sözlə, təxminən 54 milyard manat dəyərində ÜDM-in cəmi 972 milyon manatlıq hissəsi turizmin hesabına formalaşıb. Doğrudur, əvvəlki illərlə müqayisədə artım var, amma dünya üzrə orta göstərici 10%-dir və Azərbaycanın bu səviyyəyə çatmasına uzun illər lazımdır. Aralıq dənizinin sahilində yerləşən Misir, Türkiyə, Yunanıstan, İtaliya və İspaniya kimi qabaqcıl turizm ölkələrində isə ÜDM-in 30-40%-i istirahət xidmətinin hesabına formalaşır.
Xaotik qiymətlər
Azərbaycanda turizm sahəsi ilə bağlı araşdırma aparan mütəxəssislər ölkənin turist sarıdan qıtlıq çəkməsini əsasən qiymətlərin yüksək olması ilə izah edirlər. Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin üzvü Əli Məsimli deyir ki, Azərbaycanda qiymət məsələsində mədəniyyət formalaşmayıb və bu sahədə əsl xaos hökm sürür. Millət vəkilinin fikrincə, bu gün yerli istirahət mərkəzlərinin başında dayanan insanlar sabahı düşünmədən, fantastik qiymətlər tətbiq etməklə ciblərini doldurmaq istəyirlər. Odur ki, bu ölkəyə bir dəfə gələn turist daha yolunu burdan salmaq istəmir. Dövlət qiymət məsələsini tənzimləməsə, vəziyyət dəyişməyəcək. Əli Məsimli belə düşünür.
İqtisadçı-ekspert həm də təklif edir ki, turizm sahəsinə pul qoymaq istəyən sahibkarlara güzəştlər tərbiq edilsin. Çünki turizm obyektlərinin sayının az olması da qiymətlərin aşağı düşməsinə imkan vermir. Məsələn, bu ilin əvvəlinə Azərbaycanda irili-xırdalı mehmanxana və mehmanxana tipli obyektlərin sayı 514 olub. Qonşu Türkiyənin təkcə Antalya bölgəsində isə otellərin sayı 1000-dən çoxdur. Güclü rəqabətin nəticəsidir ki, bu gün Türkiyədə dincəlmək Azərbaycanla müqayisədə 2 dəfə ucuz başa gəlir. Belə olan halda, Azərbaycana niyə gələsən ki?
Yeri gəlmişkən, rəsmi statistikaya görəə, ötən il Azərbaycana 1,986 milyon nəfər turist gəlib. Mütəxəssislər isə deyir ki, dövlət sərhəddini keçən xarici ölkə vətəndaşlarının 80-90%-i ya biznes fəaliyyəti ilə əlaqədar, ya da hansısa tədbirlərdə, idman yarışlarında iştirak etmək məqsədi ilə ölkəmizə ayaq basır. Turistlərin sayı isə azdır.
Bahaıq təbiidir, amma ...
İqtisadçı-ekspert Kənan Aslanlı isə hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərində xidmət haqqının başqa ölkələrlə müqayisədə yüksək olmasında qeyri-adi heç nə yoxdur. Onun sözlərinə görə, bu cür vəziyyət neft-qaz iqtisadiyyatına malik bütün ölkələr üçün xarakterikdir. Belə ki, enerji daşıyıcılarının ixracı hesabına ölkəyə böyük məbləğdə dollar kütləsi daxil olur ki, bu da istər-istəməz qeyri-neft sektorunda, o cümlədən də turizm sahəsində bahalaşma yaradır. Başqa sözlə, yerli turizm əsasən neft pullarından az-çox yararlanan yerli vətəndaşlar üçün işləyir, xarici turistlər isə ölkəyə az gəlir.
Bununla belə, Kənan Aslanlı bu qənaətdədir ki, viza rejimini sadələşdirməklə, eləcə də uğurlu turizm siyasəti yeritməklə Azərbaycana turist axınını gücləndirmək olar. Məsələn, qonşu Türkiyənin turizm obyektləri ölkəyə gələcək turistləri az qala evindən müşaiyət etməyə başlayırlar. Turist necə gedəcək, harada dincələcək, nə yeyəcək, hansı obyektləri gəzəcək və s. bu kimi məsələlər komplesk şəkildə həll olunur. Yəni, qardaş ölkədə hesab edirlər ki, turistin yolunu oturub gözləmək yox, onu necə deyərlər, çəkib gətirmək lazımdır və Türkiyənin müxtəlif ölkələrdəki turizm operatorları məhz bu məqsədə xidmət edir. Azərbaycana isə turistlər təsüdafən, az qala çaşıb gəlirlər və elə çox vaxt da ölkəmizdə çaşıb qalırlar. Xidmət səviyyəsinə uyğun olmayan qiymətlər, məlumat lövhələrinin qıtlığı və s. amillər onların ölkəmizə yolunu birdəfəlik bağlayır.
Hər şey qaydasındadır
Mədəniyyət və Turizm Nazirliyində ayrı-ayrı ekspertlərin turizmlə bağlı dediklərini yaxına belə qoymaq istəmirlər. Nazirliyin turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov deyir ki, bu gün ölkənin turizm potensialından mümkün olduğu qədər istifadə olunur. Əlbəttə, turistlərin sayı indikindən çox da ola bilər, amma bu artım tədricən baş verməlidir.
Turistlərə göstərilən xidmətin təklif olunan qiymətə uyğun olmamasına gəlincə isə, nazirlik rəsmisi hesab edir ki, bu cür ziddiyyətli vəziyyət 4-5 il bundan əvvəl mövcud olub. Onun fikrincə, son illər ölkədə turizm xidmətlərinin səviyyəsi xeyli yaxşılaşıb. Qiymətləri isə bazar təyin edir. Yüksək xidmətin yüksək, aşağı xidmətin isə aşağı qiyməti olur. Turizm obyektlərinin sayı artdıqca qiymətlər bir qədər də aşağı düşəcək.
Namiq Hüseynli