Modern.az-ın məlumatına görə, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclası açan Şura sədri Azay Quliyev gündəlikdəki əsas məsələnin yerli və xarici QHT-lər üçün layihə müsabiqəsinin təşkili olduğunu söylədi. Qarşıda elan edilməsi planlaşdırılan maliyyə müsabiqəsinin şərtləri haqqında məlumatları açıqlamaq üçün sözü icraçı direktor Fərasət Qurbanova verdi. Bu dəfəki, müsabiqədə bir sıra yeniliklər ediləcəyini bildirən icraçı direktor hazırlanmış qaydalar haqqında məlumatları Şura üzvlərinin diqqətinə çatdırdı. O ilk dəfə tətbiq olunacaq şərtlər haqqında bəhs edərək bu müsabiqə elanının daxili QHT-lərlə yanaşı, bir sıra xarici ölkələrin vətəndaş cəmiyyəti strukturlarını da əhatə edəcəyini söylədi. Eyni zamanda ərizələrin qəbulunun artıq elektron formada həyata keçiriləcəyini bildirdi. Bunun üçün QHT-lərin sözügedən məqsədlə yaradılmış www.e-qht.az saytına müraciət etməsi lazımdır.
Müzakirələrdə QHT-lərin ümumi yığıncaqlarını qanunvericiliyə uyğun şəkildə keçirtmədiyi, bir sıra təşkilatların hüquqi və faktiki ünvanlarının tapılmasında problemlərlə rastlaşıldığı fikri səsləndirildi. Bu səbəbdən yaxın gələcəkdə hər bir QHT-nin Ədliyyə Nazirliyindən çıxarış almalı olduğu bildirildi.
Bu müsabiqədə ilk dəfə olaraq yerli QHT-lərə koalisiyalar quraraq layihələrini təqdim etmək imkanı yaradılacağını da söylədi.
Xarici ölkələrin QHT-lərinə on beş ölkə üzrə (Fransa, Böyük Britaniya, Belçika, Almaniya, Avstriya, Macarıstan, Polşa, Norveç, Rusiya, Türkiyə, ABŞ, Çexiya, Ukrayna, İsveçrə və Litva) aşağıdakı mövzular üzrə layihə müsabiqəsinin elanı nəzərdə tutulur: Sülh və təhlükəsizliyin möhkəmləndirilməsi və regional münaqişələrin mənfi nəticələrinin aradan qaldırılması (Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müstəvisində); insan hüquq və azadlıqlarının qorunması; ksenofobiya, islamafobiya və irqçilik təzahürlərinə qarşı mübarizə; ölkələr və vətəndaş cəmiyyətləri arasında uğurlu əməkdaşlıq üçün mədəniyyətlərarası dialoqun gücləndirilməsi; gələcəkdə oxşar faciələrin qarşısının alınması məqsədi ilə Xocalı soyqırımı haqda məlumatların Avropa və ABŞ ictimaiyyətinə çatdırılması.
Şura üzvlərinin təklif və rəyləri nəzərə alınmaqla müsabiqə şərtləri qəbul edildi.
Daha sonra iclasda cari məsələlərlə bağlı müzakirələr keçirildi.
Modern.az