“İqtisadi İnkişaf Nazirliyi məcburi köçkünlərin və “Sığınaq” şirkətinin torpaq sahəsinə əl qoyub”. Bununla bağlı bir müddət öncə də saytımızda məlumat getmişdi. Amma bütün etirazlara, yazılanlara, şikayətlərə məhəl qoymayanlar yenə də öz əməllərindən əl çəkmirlər. Artıq vəziyyətin böhranlı həddə çatdığını deyən məcburi köçkün “Sığnaq” şirkətinin müdiri Xəqani Rzaquliyev yenidən Modern.az-a üz tutub. Redaksiyamıza müraciət edən sahibkar – Qarabağ müharibəsinin ilk əlil jurnalisti Xaqani Rzaquliyev qanunsuzluqla üzləşənlərdən biridir. Onun kimi onlarla sahibkar aldadılaraq torpaqlarından kənarlaşdırılıb.
Xaqani Rzaquliyev deyir ki, heç bir xəbərdarlıq etmədən ərazisində olan 100 kv.m-lik ferma sökülüb, sahədə olan ağaclar qırılıb, “Sığnaq” firmasına məxsus 50 hektarlıq ərazidə əkin aparılıb. Firmaya məxsus 850 metrlik hava xəttini, transformator yarımstansiyasını, 25 tonluq su qülləsini, artezian quyusunu “Səba-broyler” işbazları zəbt edib. Firma ərazisində təsərrüfat fəaliyyəti polis gücüylə iflic edilib.
X. Rzaquliyevin sözlərinə görə, təkcə 2012-ci ildə bu sahədə 100 baş qoyun bəslənib, 30 ton taxıl, 100 ton pambıq istehsal olunub.
“Beyləqanın icra başçısı Vaqif Abdullayev, torpaq şöbəsinin müdiri Rafayel Pəsiyev, başçının müavini Telman Məstanov, ”Səba-broyler"in yerli təmsilçisi Rəcəb Orucovdan Baş Prokurorluğa şikayət etmişik. Bunlar o qədər harınlayıb ki, qanuni haqqını tələb edən sahibkarlara hədə-qorxu gəlməkdən belə, çəkinmirlər. İş burasındadır ki, sahibkarlara hədə-qorxunu prezidentin və onun xanımının adından edirlər. Halbuki, müqavilədə də göstərilir ki, sahibkarın bütün planları ödənildikdən sonra bu yerdə nə isə etmək olar. Mənim torpaq ərazimdə ferman, ağaclarım var götürüb mənə kompensasiya yazıblar. Bu da ki, əvəzləmə deməkdir. Mənim hər hektarıma 100 manat verir. Mən də deyirəm ki, mənim 50 hektar torpağımı al ver mən də buradan çıxım. 22 hektar əraziyə 88 min pul veriblər. Bəzilərinin başı çıxmağından onları aldadıblar. Mənim 50 hektar yerimə isə 50 min pul verirlər. “Səba Broyler” deyir ki, siz dövlət əleyhinə çıxırsınız. Deyirəm ki, “Səba Broyler” nə vaxtdan dövlət olub!? Hələ prezident bu yaxın vaxtlarda yüksək vəzifəlilərə barmaq silkələdi ki, əhalini incitməyin. Onlar isə gəlib prezidentin adından istifadə edirlər”.
Şikayətçi bildirdi ki, öz hüquqlarını sona qədər müdafiə edəcək. Problem yerli səviyyələrdə həllini tapmasa, Avropa Məhkəməsinə belə şikayət olunacaq: “Qanunla bizə verilən torpağı kimsəyə güzəştə getmək fikrimiz yoxdur. Təsərrüfat yaradanda da haqq-ədaləti gözləmək, halallıqla iş qurmaq gərəkdir”.
Gültəkin ƏLƏSGƏR