Modern.az

Gülər Əhmədovanın əri "dəli söhbətinə" etiraz etdi

Gülər Əhmədovanın əri "dəli söhbətinə" etiraz etdi

19 May 2013, 15:11


Xəbər verdiyimiz kimi, hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkilləri Sevinc Babayevanın anası Zəhra Bayramova və oğlu Ayxan Məmmədov barəsində rəsmi orqanlara müraciət edəcəklər. Vəkil Raqif Mustafayev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hər iki şəxs, xüsusən də A.Məmmədov müdafiə etdiyi şəxsi ağır cinayətdə ittiham ediblər: “Özü də bu adam rəsmi ifadə verib istintaqa. Orda da Gülər xanımı Sevinc Babayevanı zəhərləməkdə ittiham edib.

Mən istintaq orqanı qarşısında məsələ qaldıracam ki, böhtan atmağa görə ona iş açılsın. O uşaq (A.Məmmədovu nəzərdə tutur-müəl) özünə problem axtarır. Mən ona problem yaradacam. Hərə öz dediyinə görə məsuliyyət daşıyır. Bu, sadəcə, böhtan olsaydı biz məhkəməyə müraciət edərdik. Ancaq burada daha ağır ittihamlar var və istintaq orqanı bunu araşdırmalıdır”. A.Məmmədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, o, ilk gündən düz bildiyini deyib. Onun sözlərinə görə, anasının səhhətində qəfil dönüş G.Əhmədova ilə yediyi yeməkdən sonra baş verib. Bundan başqa, müsahibimiz ailəyə yaxın olan bir həkimin “ananı zəhərləyiblər, 6 ay ömrü qalıb” rəyindən sonra bu qənaətinin möhkəmləndiyini vurğuladı.


A.Məmmədov hesab edir ki, qarşı tərəf onu qorxutmaq üçün məhkəmə barədə danışır. Müsahibimiz xatırlatdı ki, həbsindən öncə G.Əhmədova da ondan polisə şikayət etmişdi: “Onlar istəyirlər ki, məni məhkəmə yolu ilə qorxutsunlar. Amma mən düz bildiyimi demişəm. Anamın qanının batırılmasına razı olmaram”.


Bu arada G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov da minval.az saytına açıqlamasında bildirib ki, sabiq deputat barədə mətbuatda “dəlidir, dəlixanaya aparılacaq” kimi xəbərlərin getməsindən narazıdır. Müsahibimiz bu səbəbdən yerli medianın xəbərlərindən, onların bu mövzuya yanaşmasından narazı olduğunu dedi: “Hər gün yeni bir şey yazırsız. O gün "Yeni Müsavat" götürüb yazıb ki, Sevinc Babayevanı ikinci dəfə öldürdülər. Belə xəbər olar? Ekspertiza da sübut elədi ki, onun ölümü nə ilə bağlı olub. Ona görə də mediaya nə özüm danışıram, nə də vəkillərin danışmasına ehtiyac görürəm. Media bu məsələdə çox qeyri-obyektivdir".   

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama