Azadlıq Partiyasının sədri Əhməd Oruc prezident İlham Əliyevə müraciət ünvanlayıb. Modern.az saytı partiya sədrinin ölkə başçısına etdiyi müraciəti olduğu kimi təqdim edir:
“Azərbaycan Respublikası Prezidenti
İlham Əliyev cənablarına
Azərbaycanda mövcud hakimiyyət strukturlarının şəffaf, ədalətli, demokratik olmayan seçkilərlə formalaşdığı haqqındakı rəy həm Azərbaycan cəmiyyətinin özünə inamına, həm də ölkəmizin beynəlxalq imicinə ciddi zərbə vurduğu heç kimə sirr deyil. Seçkili hakimiyyət orqanları seçənlərin iradəsi saxtalaşdırılmadıqda legitim hesab olunur. Bir qayda olaraq Azərbaycanda seçkilərə ( prezident, parlament, bələdiyyə) seçicilərin çox az qismi (təqribən 10-20% arası) qatılır. Və yalnız seçkilərdə iştirakçıların sayının dəfələrlə yüksək göstərilməsi seçkilərin saxtalaşdırıldığını söyləməyə əsas verir. Sizə də sirr deyil ki, indiki seçki komissiyaları hakimiyyətin nəzarəti altındadır və bu komissiyalar artıq təcrübəli saxtalaşdırma mexanizmindən başqa bir şey deyi. Bu komissiyalarla keçiriləcək seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq nəticələr həmişə şübhə altında olacaq.
Dünyanın ən demokratik ölkələrində belə demokratik hakimiyyətlər olmazdan öncə hansısa qeyri- demokratik idarə üsulları olub. Zamanla bu qeyri-demokratik hakimiyyətlər ya ciddi kataklizmlər, ya da öz millətinin mənafeini öz mənafeyindən üstün tutan hansısa liderin cəsarətli, tarixi addımları nəticəsində demokratik idarəetmə ilə əvəz olunub.
Bu gün Azərbaycanda demokratik hakimiyyətin olmaması həm ölkənin mövcud problemlərinin həlli, həm də regionda baş verən yeni coğrafi dəyişilimlər baxımından cox ciddi, bir toplum üçün faciəli ola biləcək nəticələrə gətirib çıxara bilər. Öz hakimiyyətinə inanmayan, güvənməyən, onu müdafiə etməyən toplumun kənar təsir altına düşməsi, radikallaşması, gözlənilməz anda aqressivləşməsi tamamilə mümkündür. Vətəndaşların hakimiyyətə inanması, onu müdafiə etməsi yalnız legitim, millətin iradəsi ilə formalaşan hakimiyyət dönəmində ola bilər.
Bu baxımdan Azərbaycanın milli marağı – demokratik seçki keçirilməsini tələb edir.
Azərbaycan cəmiyyətinin, eləcə də beynəlxalq cameənin nəticələrinə şübhə etməyəcəyi demokratik seçkilərin keçirilməsi mümkündür. Dünya təcrübəsində Azərbaycanın vəziyyətinə yaxın vəziyyətdə olan ölkələrdə demokratik seçki keçirilməsi mexanizmləri var. Bu mexanizmlərin ən mükəmməllərindən biri seçki komissiyalarının beynəlxalq aləmdə şərti olaraq Ukrayna modeli adlanan modeldir. Bu modeldə bütün seçki komissiyalarının hər biri ayrı-ayrılıqda seçkidə iştirak etmək istəyən siyasi partiyaların nümayəndələri arasından püşkatma yolu ilə müəyyənləşir.
Bu cür seçki komissiyaları heç bir partiyanın və siyasi qüvvənin nəzarətində olmur və seçkiləri saxtalaşdırmaq bir növ mümkünsüz olur.
Bütün hakimiyyətlər bir gün qurulur, bir gün devrilir, hakimlər, prezidentlər bir gün gəlir və bəlli bir gündə də gedir. Yalnız millətini düşünən, onun maraqlarını hər şeydən üstün tutan şəxsiyyətlər bütün tarixlər boyu böyük şükranla yad edilir. Zənnimcə, cəmiyyətin bütün potensialının Azərbaycanın probleminin həllinə yönləndirilməsinə və Azərbaycanda demokratik seçki keçirilməsinə qərar vermək və həyata keçirmək şansını tarix sizə tanıyıb.
Tale belə bir şansı mənə tanısaydı bir an belə düşünmədən – Demokratik, Üstün Cəmiyyət- qərarını verərdim.
Hörmətlə : Azadlıq Partiyasının sədri Əhməd Oruc