Modern.az

Təqaüdlərin artırılması təhsildə nəyi DƏYİŞƏCƏK...

Təqaüdlərin artırılması təhsildə nəyi DƏYİŞƏCƏK...

15 Yanvar 2023, 09:50

Yeni sosial islahat mərhələsi çərçivəsində Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamla tələbə və doktorantların da təqaüdləri artırılıb. Fərmana əsasən, 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb. Tələbələr üçün nəzərdə tutulan digər təqaüdlərin məbləğində də artım olub.

 

Bəs artımlar təhsilə necə təsir edəcək?

 

Bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Azərbaycanda təqaüd alan tələbələrin sayı kifayət qədər çoxdur. Onun sözlərinə görə, ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin sayı 141 274 nəfərdir. Ümümi tələbə sayı isə 163 779-dur. Bu tələbələrdən 53 408-ü təqaüd alır. Yəni faiz nisbəti ilə götürdükdə tələbələrin 37,8 faizinə təqaüd verilir:

 

“Orta ixtisas təhsili müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin sayı 41 522-dir. Tələbələrin ümumi sayı 44 208 nəfərdir. Dövlət orta ixtisas təhsili müəssisələrində təqaüd alan tələbələrin sayı 19 322 nəfərdir. Bu isə o deməkdir ki,  burada təqaüd alanların faizlə göstəricisi 46,5-dir. İlk peşə-ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin sayı 34 658-dir. Peşə təhsili müəssisələrində təqaüd alan tələbələrin sayı 16 532 nəfərdir. Yəni təqaüd alanların faiz nisbəti 54,5-dir”.

 

 

Ekspert vurğulayıb ki, 2010-cu ildən universitetlər özünü maliyələşdirmə sisteminə keçib və dövlət təkcə tələbə təqaüdlərini ödəmir, eyni zamanda 52 ali təhsil müəsisəsində təhsil alan 60 min tələbənin  təhsil haqlarını ödəyir. Bu siyahıya dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar və sosial statusuna görə təhsil haqqından azad olunanlar daxildir.

 

K.Əsədov, həmçinin bildirib ki, bu gün Azərbaycan təhsilində standart, Prezident təqaüdü, xüsusi təqaüd və adlı təqaüdlər sistemi mövcüddur:

 

“Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramaları da var. Yəni universitetə qəbul olma balına uyğun təqaüd, bir də tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd nəzərdə tutulur. Hər bir tələbənin, hətta 100 faiz təhsil alanların belə təqaüd almaq imkanı var. Amma çalışan, oxuyan tələbə ilə vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz. Ona görə də, hər kəsə öz biliyinə, bacarığına uyğun təqaüd vermək, qiymətləndirrmək lazımdır”.

 

 

Təhsil eksperti təklif edir ki, tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Elm və Təhsil Nazirliyindən, universitetlərin ödənişli təhsildən aldığı vəsaitlər hesabına yaradılan Fonddan adlı (rektor, prorektor, dekan) təqaüdlər də verilsin:

 

“Qeyd edim ki, hazırda ölkədə SABAH təqaüdü – 50 manat,“Gələcəyin müəllimi” təqaüdü – 100 manat, Kənd təsərrüfatı tələbə təqaüdü – 100 (yüz)- 200 (iki yüz) manat, AZERCELL tələbə təqaüdü – 200 manat, SOCAR tələbə təqaüdü – 100 manat və 20 universitetdə tanınmış şəxslərin adına adlı təqaüdlər var. Misal üçün Bakı Dövlət Universitetində 22 ziyalının adına təqaüd verilir, Azərbaycan Universitetində “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” verilir ki, məbləği 500 manatdır, Odlar Yurdu Universitetində isə 9 adlı təqaüd sistemi mövcuddur.

 

Bir neçə ildir tələbələrin təqaüdü ilə bağlı yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradıb. Yuxarıdan aşağı akademik göstəriclərə görə tələbələrin biliklərə yiyələnmə tablosunda əks olunur. İstər özəl, istər dövlət ali və orta ixtisas təhsil müəssisələri, istərsə də dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdlər olsun, bunu ödənişli ixtisaslarda oxuyan tələbələr də ala bilirlər. İndiyə qədər mövcud olan dövlət sifarişinə əvvəlcədən sahib olaraq sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır”.

 

K.Əsədovin fikrincə, ölkə Prezidentinin müəyyən etdiyi yeni artım tələbələrin sosial rifah halının müsbət şəkildə dəyişməsinə ciddi təsir edəcək, Onların ailələrindən asılılığını azaldacaq:

 

“Dövlət başçısı tərəfindən ölkəmizdə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa  marağın yaranmasında əhəmiyyətli rol oynayır.

 

Tələbə təqaüdlərinin əsaslı şəkildə artırılması ali məktəblərdə tələbələr arasında daha yüksək nəticələr göstərmək istiqamətində motivasiyanı gücləndirəcək. Biz ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən İctimai Nəzarət Şuralarının işində iştirakımız zamanı daha yüksək təqaüd almaq uğrunda tələbələrin çalışqanlığının intensivləşməsi hallarına tez-tez rast gəlirik. Bu bizləri çox sevindirir. Eyni zamanda müəllimlərin də üzərinə daha keyfiyyətli dərs keçmək məsuliyyətini qoyur.

 

Bilirik ki, obyektiv və subyektiv səbəblərdən əksər ali məktəblərin yataqxanaları yoxdur, tələbələrin böyük qismi kirayədə yaşayır. Bu addım, düşünürəm ki, onların yaşayış xərcləri üçün də yardımçı olacaq”.

 

 

Ekspert hesab edir ki, təqaüdlərin əsaslı şəkildə artırılması təhsillə elmin vəhdətinə də təsirsiz ötüşməyəcək:

 

“Elmlər doktoru hazırlığı üzrə təqaüdün 400 manat müəyyənləşdirilməsi o deməkdir ki, onların təqaüdü  AMEA-nın elmi işçiləri səviyyəsinə çatdırılıb. Bu, onların elmi tədqiqatlara daha dərindən maraq göstərməsinə səbəb olacaq. Son dövrlər gənclərin elmə marağının güclənməsini görürük. Əlbəttə ki, bu marağın artmasının maddi tərəfi olduqca əhəmiyyətlidir. Ölkədə təhsil sahəsində aparılan islahatlar təhsilin pillələrinin inteqrasiyasını da nəzərdə tutur. Orta ixtisas təhsili məktəblərinin ali təhsil müəssisələrinin nəzdində fəaliyyəti həm də təhsilin bu pilləsində oxuyan tələbələrin maddi şəraitinin yaxşılaşdırılmasını tələb edirdi. Orta ixtisas təhsili pilləsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması təhsilin bu pilləsinə olan diqqətin təcəssümüdür və şübhəsiz ki, bu pillədə də canlanmanın şahidi olacağıq.

 

Bütövlükdə təqaüdlərin əsaslı şəkildə artırılması təhsillə elmin vəhdətinə də təsirsiz ötüşməyəcək. Yüksək nəticə göstərən ali məktəb tələbələrinin elmə marağı artacaq, şəffaflıq və ədalət prisipləri güclənəcək, keyfiyyətli təhsilə olan təlabat artacaq. Təqaüdlərin artırılması ölkədə elmə və təhsilə verilən dəyərin bariz nümunəsidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir