Modern.az

Məktəblərdə din tədris olunsun, olunmasın?..

Məktəblərdə din tədris olunsun, olunmasın?..

18 Yanvar 2023, 09:42

Azərbaycanda dini təhsillə bağlı zaman-zaman müzakirlər gedir. Dini təhsilin verilməsini müdafiə edənlər olduğu kimi, buna qarşı çıxanlar da var. Onu dəstəkləyənlər dini təhsilin gənclərdə dinlərlə bağlı təsəvvür formalaşdıracağını müdafiə edir.

 

Bəs orta məktəblərdə dini təhsilin verilməsinə ehtiyac varmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təhsil ocaqlarında dinlər haqqında məlumat verilməsinə ehtiyac var:

 

“Azərbaycan cəmiyyətində bu mövzu geniş müzakirə olunur. Yanaşmalar fərqlidir. Mən əvvəl də demişdim ki, Azərbaycan məktəblərində dinlər haqqında məlumat verilməsinə ehtiyac var. Bu məsələ qaldırılanda bəzi insanlar məktəblərdə dini fənlərin tədris ediləcəyini güman edirlər. Xeyr, burada əsas hədəf və məqsəd gənclərə dinlər haqqında məlumat verməkdir. Bu məlumatlar ona görə verilməlidir ki, gənclərin zərərli təriqət və dinlərin mahiyyəti barədə təsəvvürləri formalaşsın”.
 

Deputatın sözlərinə görə, əks halda gənclər zərərli mənbələrə müraciət edirlər:
 

“Mən sosial şəbəkələri davamlı olaraq təhlil edirəm. Demək olar ki, bütün dinlər, təriqətlər sosial şəbəkələrdə fəal təbliğat aparırlar. Onların çox böyük izləyiciləri var. Biz gənclərə özümüz bu bilgiləri vermədikdə, onlar informasiyaları ayrı-ayrı, xüsusilə də zərərli mənbələrdən alırlar. Bu da bəzi gənclərin beyinlərinin zərərli fikir və təlimlərlə çirklənməsinə aparıb çıxarır”.

Millət vəkili vurğulayıb ki, sözügedən məsələ ilə bağlı geniş məlumatların verilməməsi acı nəticələrlə üzləşməyimizə səbəb ola bilər:


“Bu gün belə fikirlər səsləndirilir ki, məktəblərdə "Həyat bilgisi" dərsi keçirilir və orada verilən məlumatlar yetərlidir. Mənim fikrimcə isə əslində verilən bilgi yetərli deyil. Biz gənclərimizə daha geniş məlumat verməliyik. Biz bunu etməsək, onun acı nəticələri ilə birmənalı olaraq üz-üzə qalacağıq. Düşünürəm ki, bu istiqamətdə işlərin görülməsinə ehtiyac var. Gec-tez bu məsələyə gələcəyik. Nə qədər ki, çox gənc yad düşüncə və ideologiyalarla zəhərlənməyib, biz sözügedən prosesə başlamalıyıq. Bu gün qəbul etsək də, etməsək də Azərbaycan cəmiyyətində xüsusən gənclər, yeniyetmələr arasında dindarlaşma prosesi olduqca sürətlə gedir. Əsas zərərli təriqətlərin, dinlərin haqqında məlumatlar verməliyik ki, onlarda immunitet formalaşsın. Hesab edirəm ki, bunun üçün bizim imkanlarımız var. Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Oranı bitirən gənclərimiz orta məktəblərdə bu fənləri tədris edə bilərlər. Biz bu işə pilot layihələrlə başlayıb prosesi yoxlaya, daha sonra digər istiqamətlərdə addımlarımızı ata bilərik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü