Modern.az

Təhsil Nazirliyinin şöbə müdiri işdən çıxarıldı

Təhsil Nazirliyinin şöbə müdiri işdən çıxarıldı

21 May 2013, 12:14

Təhsil Nazirliyinin Maliyyə İdarəsinin rəisi Şahrza Əliyev tutduğu vəzifədən azad edilib. Modern.az xəbər verir ki, musavat.com bu məlumatı dəqiqləşdirmək üçün Ş.Əliyevin özü ilə əlaqə saxlayıb. O, işdən çıxarılması haqda xəbəri təsdiqləyib və bildirib ki, tutduğu postdan öz ərizəsi ilə azad edilib:
“Mən ərizə yazaraq Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib təhsil sistemində başqa işə keçirilməyimi xahiş etmişəm. Buna uyğun olaraq da işdən azad edilmişəm”.

Ş.Əliyev bildirdi ki, hələlik yeni işə keçirilməyib: “Amma mənə deyiblər ki, istədiyim yeni işə keçirəcəklər”.

“İstefa ərizənizdə səbəb kimi nə göstərmisiniz” sualına onun cavabı belə olub: “Heç bir səbəb göstərməmişəm, yazmışam ki, xahiş edirəm, məni tutduğum vəzifədən azad edib başqa işə keçirəsiniz”.

Mediada zaman-zaman belə xəbərlər də dolaşıb ki, Ş.Əliyev Şeyxülislam Hacı Allahşükür Paşazadənin adamıdır. İndi isə onun məhz şeyxin adamı olması ilə bağlı işdən çıxarıldığına dair iddialar da var. Ş.Əliyev bu haqda deyilənləri təkzib edib: “Xeyr, belə şey yoxdur. Sadəcə şeyx bizim yerlimizdir, bütün Qafqazın şeyxidir, onun bu işə heç bir aidiyyəti yoxdur”.

Ş.Əliyev bu postda uzun illərdir çalışırdı. O, həmin posta 1993-cü ildə təyin edilib. Lakin bir müddət sonra Lidya Rəsulova təhsil naziri postuna təyin edildikdən sonra Ş.Əliyevi işdən çıxarıb. 1998-ci ildə isə sabiq təhsil naziri Misir Mərdanov onu yenidən Maliyyə İdarəsinin rəisi vəzifəsinə təyin etmişdi.
Xatırladaq ki, Ş.Əliyevin adı Təhsil Nazirliyinin sabiq əməkdaşı Orxan Kərimovun həbsi zamanı tez-tez hallanmağa başlamışdı.

Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri təyin edildiyi qısa müddət ərzində təhsil sistemində müxtəlif vəzifələr tutan 10-dan çox adamı vəzifədən azad edib. Bu onun kadr islahatları kimi də dəyərləndirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama