“Hökumət nümüyəndələri əmək haqlarının yaxın vaxtlarda mütləq artırılacağını bildiriblər”. Modern.az-ın məlumatına görə, bu barədə millət vəkili Əli Məsilmi Facebook səhifəsində bildirib. Deputat maaşların konkret nə zaman artırılacağı haqda məlumatsız olduğunu deyərək, hökumət nümayəndələrə bir sıra təkliflər irəli sürdüklərini vurğulayıb.
"Milli Məclisin İqtisadi siyasət komitəsinin bugünkü iclasında fürsətdən istifadə edib, sizin həmin sualınızı bu dəfə biz özümüz hökumət nümayəndələrinə ünvanlandıq. Bu günkü iclasda deputat həmkarım Vahid Əhmədovla birlikdə həm də 3 zəruri məsələ qaldırdıq:
1. Əmək haqqı və pensiyaların artırılması məsələsinin yaxın vaxtlarda həll edilməsi
2. Rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su probleminin həllinin sürətləndirilməsi
3. Kənd yollarının əsaslı surətdə yenidən qurulması və kəndlərə rahat yolların çəkilməsi.
Hökumət nümüyəndələri əmək haqlarının nə vaxt qaldırılacağını konkret deməsələr də, yaxın vaxtlarda mütləq artırılacağını bildirdilər. Qaldırdığımız digər iki məsələnin, yəni kənd yollarının yenidən qurulması, kəndlərin icməli su ilə təchizatı məsələlərinin aktual olduğunu və həlli istiqamətində mütləq addımlar atılacağını bildirdilər”-deyə deputat qeyd edib.
Modern.az