Azərbaycanın tanınmış elm xadimi, filosof Niyazi Mehdi Gürcüstanda ermənilərin iştirakı ilə keçirilən görüşü barədə Modern.az-a açıqlama verib. N.Mehdi mayın 25-də Gürcüstanın Marneuli rayonunda keçirilən görüşdə hansı məsələlərin müzakirə edildiyi izah edib:
“On ildən çoxdur ki, bəndənizin təşəbbüsü ilə Azərbaycanda RAM, yəni Rəmzi Anayasa Məhkəmələri keçirilirdi. Bu illər mən çox düşünürdüm necə bizim təcrübəmizi Qafqaza və Orta Asiaya yayaq? Yaysaydıq dünya demokratiyasına Azərbaycan vətəndaş cəmiyyətinin töhfəsi olardı. Təxminən 5-6 il qabaq Ermənistandan Georgi Vanyanı, Gürcüstandan Vətəndaş Dinləmələri üzrə Qafqaz Mərkəzini bu planımıza cəlb etdik. Georgi Vanyanın barış məsələsində insaflı, ədalətli mövqeyi Azərbaycanda yaxşı bəllidir, ona görə də bu qorxmaz və vicdanlı adamla əməkdaşlıq bizi çəkindirmədi. O ki qaldı Vətəndaş Dinləmələri üzrə Qafqaz Mərkəzinə - bu mərkəz də Tiflisdə mənim təşəbbüsümlə yaradılıb, təsisçiləri isə gürcü, erməni və azərbaycanlı demokratlardır.
Nəticədə biz Tiflisdə İnsan Haqları üzrə Rəmzi Məhkəmələr kençirməyə başladıq. Bir az da keçdi, o məhkmələrə Vətəndaş Dinləmələri də əlavə etdik.
Proqramın gedişində Georgi Vanyan ilginc təşəbbüslə çıxış edərək təklif etdi ki, Gürcüstanın Təkəli (Tekali) kəndində də məhkəmə və dinləmələr keçirək. Georgi çox çalışır ki, bu kənd əhalisi Azərbaycan türkləri olsa da, Azərbaycan, Ermənistan və Gürcüstan sınırlarında yerləşdiyi üçün azad barış zonası olsun və müxtəlif QHT-lər orada tədbirlərini keçirsinlər ki, tamaşaçıları üç tərəfdən də gəlsin. Tədbirlərdə yemək, qalmaq xərcləri isə camaata maddi yardım olardı”-deyə N.Mehdi vurğulayıb.
Qeyd edək ki, mayın 25-də Gürcüstanın Marneuli rayonunun Təkəli kəndində Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Anar RÜSTƏMOV