Xəbər verdiyimiz kimi, bu gün saat 15.00 radələrində mülki geyimli polis işçiləri Nərimanov rayonu ərazisindəki parklardan birində silahdaşları ilə istirahət edən sabiq daxili işlər naziri İsgəndər Həmidovu saxlayıblar. Maşına oturdularaq naməlum istiqamətə aparılan İ.Həmidov bir neçə saatdan sonra sərbəst buraxılıb.
”Musavat.com”un məlumatına görə, İsgəndər Həmidov sərbəst buraxıldıqdan sonra Müsavat Partiyasının qərargahına gedib və orada İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə görüşüb. O, saxlanılmasının və sonra baş verən hadisələrin təfərrüatını danışıb.
İsgəndər Həmidov deyib: "Məni zorakılıqla maşına mindirdilər, kobudluqla apardılar. Üstümə tapança çəkdilər. Gözlərimə qara lent bağladılar, hara aparıldığımı bilmədim. Lenti gözlərimdən bir də polis idarəsində açdılar. İdarədə mənə 28 May - Respublika Günü ilə bağlı Novxanıda keçirilən bayram mitinqində etdiyim çıxışla bağlı suallar verdilər. "Niyə o cür çıxış etmisən" dedilər. Mitinqdəki çıxışımın kasetini qoydular, baxdıq. Dedilər, bu cür sözlər deyərkən kimi nəzərdə tuturdun. Sonra məni hədələyərək bildirdilər ki, bir daha mitniqə getməyim, getsəm də danışmayım. Daha sonra protokol tərtib etdilər. İdarədən çıxaranda yenə gözlərimi bağladılar və mən hansı polis idarəsində, harada dindirildiyimi öyrənə bilmədim. Bu barədə mənə heç bir məlumat vermədilər".
Modern.az