“Milli Şura AXCP sədrinin namizədliyini məqbul bilsə, bu məsuliyyəti üzərimizə götürəcəyik”. Modern.az-ın məlumatına görə, bu fikirləri AXCP sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib.
Müxalifətin prezident seçkilərində vahid namizədlə təmsil olunmasının tərəfdarı olduğunu deyən AXCP sədri Milli Şurada bu istiqamətdə hələlik danışıqların aparılmadığını deyib.
“Məntiqlə seçkilərə 4 ay yarım qalmış birləşiriksə, seçkilərə də vahid namizədlə getməliyik. Amma bu da faktdır ki, Milli Şurada vahid namizədlə bağlı hələlik müzakirələr aparılmayıb və təbii ki, müvafiq qərar da yoxdur. Milli Şuranın yaranması işlərin bitməsi yox, daha ciddi fəaliyyətin hələ başlanması anlamına gəlir. Cəmiyyət də, ictimai rəy də nəinki arxayınlaşmamalı, əksinə siyasi proseslərin daha ciddi monitorinqini aparmalıdır. Milli Şura hələ formalaşma mərhələsindədir. Hələlik vahid namizədlə bağlı hər hansı razılaşmamız yoxdur. Amma, şəxsi fikrimi deyirəm, məntiq və ölkədə siyasi proseslərin axarı bizdən tələb edir ki, Milli Şura olaraq qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirak edək”-deyə AXCP sədri vurğulayıb.
Ə.Kərimli daha sonra bildirib ki, Milli Şura AXCP sədrinin namizədliyini məqbul bilsə, bu məsuliyyəti üzərlərinə götürəcəklər.
“Başqa bir şəxsin namizədliyi üzərində hamılıqla dayanılsa, həmin şəxsi də müdafiə edərik. Vahid namizədlə bağlı nəinki razılaşma yoxdur, heç bu məsələ hələlik müzakirə də olunmayıb”.
Anar RÜSTƏMOV