Xəbər verildiyi kimi, kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti 2013-cü ilin 26-31 may tarixlərində keçirilən Beynəlxalq Epizootiya Təşkilatının Nümayəndələrinin Ümumdünya Assambleyasının 81-ci baş sessiyasında iştirak etmək məqsədilə Fransanın Paris şəhərində səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyətinin rəhbəri nazir İsmət Abasov Beynəlxalq Epizootiya Təşkilatının baş direktoru Bernard Vallat ilə görüş keçirib. Görüşdə Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq at yarışlarına hazırlıqla bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər müzakirə olunub. Yarışda iştirak edəcək atların baytarlıq sanitariyası baxımından təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər barədə müqabil tərəfə məlumat verilib. Görüşdə, həmçinin, Azərbaycanda baytarlıq sahəsinin Beynəlxalq Epizootiya Təşkilatının mütəxəssisləri tərəfindən ilkin qiymətləndirilməsinə dair hesabatda öz əksini tapmış məsələlər, əldə edilmiş nailiyyətlər və həyata keçirilməli olan işlərin birgə həlli yolları müzakirə edilib. Beynəlxalq Epizootiya Təşkilatının Baş direktoru yarışların keçirilməsi ilə əlaqədar faktiki vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycana təşkilatın ekspertlərindən ibarət missiyanın göndəriləcəyini qeyd edib.