Modern.az

“Neftçi”nin futbolçuları qanlı finala görə prokurorluqda dindirildi

“Neftçi”nin futbolçuları qanlı finala görə prokurorluqda dindirildi

31 May 2013, 11:13

Modern.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan kubokunun final görüşündə baş vermiş dava ilə bağlı “Neftçi” klubunun futbolçuları prokurorluqda dindirilib. Bu, faktla bağlı açılan cinayət işinə müvafiq həyata keçirilib.

“Neftçi” futbol klubundan mətbuat katibi Gündüz Abbaszadə isə əməkdaşımızın sorğusuna cavabında bu barədə onda məlumat olmadığını və futbolçuların dindirilməyə çağırılmadığını deyib.

Qeyd edək ki, mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan kuboku uğrunda "Neftçi" və "Xəzər Lənkəran" futbol klubları arasında keçirilmiş final oyunundan sonra baş vermiş qarşıdurmaya görə cinayət işi açılıb. Bu hadisə zamanı futbolçular döyülüb, “Xəzər Lənkəran"ın bir oyunçusunun burnu qanayıb.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, "Neftçi" və "Xəzər Lənkəran" futbol klubları arasında keçirilən final oyunundan sonra futbol meydançasında həmin klubların azarkeşləri arasında qarşıdurma yaranmaqla, onlar heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Abbas Quliyev

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama