Modern.az

Qüdrət Həsənquliyevdən Milli Məclis rəhbərliyinə sərt ittihamlar: "Məni şərlədilər!"

Qüdrət Həsənquliyevdən Milli Məclis rəhbərliyinə sərt ittihamlar: "Məni şərlədilər!"

31 May 2013, 18:13

"Son vaxtlar Milli Məclisdə aparat tərəfindən yaxşı bir iş görülür, deputatların yanına su qoyurlar və tövsiyə edirəm ki, kim Elxan müəllimin adı çəkiləndə əsəbləşsə, o sudan bir stəkan içsin"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın Mətbuat xidmətinin suallarını cavablandırıb.

Modern.az-ın məlumatına görə, BAXCP sədri öncə təmsil olunduğu Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının mayın 27-29-da Brüssseldə keçirilmiş sessiyasındakı fəaliyyətilə bağlı danışıb:

"Hesab edirəm ki, Azərbaycan üçün bu toplantıda uğurlu nəticələr əldə olundu. Belə ki, faktiki surətdə yenə də təxribatından geri qalmayaraq Azərbaycanın əleyhinə olan məsələləri, yəni sülh müqaviləsi imzalanmadan sərhədlərin açılması məsələsini qoymuşdu və bu istiqamətdə Avropa Parlamentində kifayət qədər iş aparmışdılar. Həmçinin ticarət əlaqələrinin qurulması, regional inteqrasiya, işğal olunmuş ərazilərə beynəlxalq təşkilatların nümayəndələrinin, ayrı-ayrı parlamentarilərin sərbəst gəliş-gedişi ilə bağlı xüsusi müddəa salınmışdı. Məqsəd o idi ki, sülh sazişi olmadan bu məsələlər həllini tapsın. O da qeyd olunurdu ki, Dağlıq Qarabağdakı qeyri-hökumət təşkilatları Avronestin QHT Forumuna qatılsın. Yəni gündəliyə tamamilə Azərbaycanın mənafelərinə, maraqlarına zidd təkliflər salmışdılar. Mən burda açıq söyləməliyəm ki, həm Elxan Süleymanovun fərdi qaydada Avropada görüdüyü işlər, həm də Azərbaycan nümayəndə heyətinin Avropa Parlamentində apardığı işin, çıxışlarımızın nəticəsi olaraq, bu məsələlərin qarşısı alındı. Sonda hətta Elxan Süleymanov Avronestdəki ermənipərəst deputatlara xəbərdarlıq da etdi ki, bu məsələlər gündəlikdən çıxarılmayacağı təqdirdə qərarlara bütünlüklə veto qoya bilərik. Bundan sonra həmin müddəalar çıxarıldı və bildirdik ki, Ermənistan Rusiyanın forpostudur, məhz Rusiyaya güvənərək onlar bizim torpaqlarımızı işğaldan azad etmirlər. Konkret olaraq mənim çıxışımda bu öz əksini tapıb. Məlahət İbrahimqızı da çıxış etdi. Ermənilər çıxışlarında söyləyirdilər ki, Azərbaycanda diktaturadır, totalitar rejim mövcuddur, heç cür bir yerdə yaşaya bilmərik, əməkdaşlıq edə bilmərik. Buna cavab olaraq mən çıxışımda bildirdim ki, Ovannesyanın söylədikləri cəfəngiyyatdan başqa bir şey deyil, deyə bilmərik ki, Azərbaycanda demokratiya mükəmməldir, amma Ermənistandan fərqli olaraq bizdə prezidentliyə namizədi güllələmirlər, yaxud prezident seçkisinin nəticələrinə etiraz edən dinc insanları gülləbaran edib 8 nəfəri öldürmürlər. Ermənistandakı axırıncı prezident seçkilərinə gəldikdə isə qeyd etdim ki, əsas müxalifət bu seçkidə ümumiyyətlə iştirak etməyib, elə bu faktların özü sübut edir ki, hansı ölkə daha demokratikdir. Ermənilərin Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı Fuad Muradov və Fərəc Quliyev də çıxış etdilər. Elxan müəllim kəskin surətdə Avronestdən gözləntilərimizin özünü doğrultmadığını, bu təşkilatın ümumiyyətlə prinsipial mövqe sərgiləmədiyini söylədi. Qeyd etdi ki, belə olan halda bu təşkilat kimə lazımdır. Bütün bu müzakirə və mübarizədən sonra biz əleyhimizə yönələn qərarların oradan çıxarılmasına və nail ola bildik. Dediyim kimi orada Azərbaycanın marağına toxunan bir dənə də olsun müddəanın keçməsinə faktiki olaraq imkan verilmədi. Əksinə Ermənistanın işğalçı dövlət olduğunu və Rusiyaya güvənərək bizim torpaqlarımızı işğal altında saxladığını növbəti dəfə diqqətə çatdırdıq".

BAXCP sədri bildirdi ki, səfər zamanı özünün Avropa Parlamentində konservativlərlə görüşü olub: "Bizim partiyanın da gələcəkdə həmin qrupa daxil olması məsələsi müzakirə predmeti oldu və yəqin ki, yaxın vaxtlarda biz müvafiq sənədləri təqdim edəcəyik. Ümid edirəm ki, biz də Avropa Parlamentindəki mühafizəkarlar qrupu ilə yaxından əməkdaşlıq edəcəyik".

Sonra millət vəkili Milli Məclisin iclasında büdcənin icrası haqda qanun layihəsinin müzakirəsiz səsverməyə çıxarılması ilə bağlı danışıb.

Millət vəkili deyib: "Çox təəssüf ki, bəzi insanlar fikirləşirlər ki, parlamentin eybəcər görünüşünü yaratmaqla prezidentə və iqtidara layiqli xidmət etmiş olurlar. Amma seçki ərəfəsindədir, dünyanın gözü bizdədir. Bizim bədxahlarımız az qala zərrəbinlə Azərbaycanda nöqsanlar axtarırlar. Təsəvvür edin ki, büdcənin qəbulu və onun icrasına nəzarət dünyanın hər bir ölkəsində parlamentin müzakirə etdiyi ən vacib məsələdir. Mən dəfələrlə çıxış üçün düyməsini basdım amma adım yazılmadı. Ümumiyyətlə elektron şəbəkə ayrılmışdı. Mənim iradımdan sonra hələ məni bir az da şərləyərək ki, niyə təkidlə söz istmədim, buna görə məni günahkar çıxarmaq tamamilə ayıb olan bir məsələdir. Guya mən jurnalistlərə müraciət etdim ki, siz bu məsələdən yazın. Mən sadəcə vurğuladım ki, Azərbaycan mətbuatı burada iştirak edir, xalq bizə baxır, beynəlxalq ictimaiyyətin diqqətindəyik. Belə bir məsələnin müzakirədən keçirilməməsi doğru deyil. Bu cür hallar beynəlxalq birlikdə Azərbaycan parlamenti haqqında, ölkəmiz haqqında hansı təsəvvürləri yaradır? Biz beynəlxalq təşkilatların tədbirlərinə gedəndə onlar da başlayırlar, bu formada ünvanımıza ittihamlar söyləməyə. Büdcəni müzakirəsi olanda da tənqidi fikirlər söylənilir. Guya burada iki-üç tənqidi fikrin olması nəyi dəyişəcəkdi ki?! 
Parlament rəhbərliyinə daxil olan bəzi şəxslərin 3-4 məmura yarınmaq cəhdi ümumən parlamentin nüfuzuna ciddi şəkildə ziyan vurur. Belə olduğu təqdirdə onlar əslində prezidentə "ayı xidməti" göstərmiş olurlar. Bu cür müzakirələrə imkan verməməklə özünün sair şəxsi maraqları önə çəkilir, amma parlamentin imici barədə heç kim düşünmür. Bu isə iqtidar üçün və ölkənin imici ilə bağlı əlavə problemlər yaradır. Bu həqiqətləri deyəndə isə çox təəssüf ki, etikadan kənar cavab verilir və o cür formada deputatların üzərinə sanki hücum olunur. Mən bu məsələ bağlı bilirsiniz nəyə təəssüf edirəm? Məsələn, parlamentin spikeri deyir ki, "cari məsələlərə yer ayırmağa bizim vaxtımız yoxdur, fasiləsiz işləməliyik ki, gündəlikdə olan məsələləri yekunlaşdıra bilək". Amma iclas cəmi bir saat yarım çəkir... Adi günlərdə isə 4 saat davam edir. Bəzən 30 məsələni bir dəfəyə gündəliyə salıb fasiləsiz işləyib tez qurtarmağa çalışırlar.
Mən rəhmətlik Murtuz Ələsgərovun vaxtını xatırlayıram, həftədə iki dəfə normal şəkildə parlamentin iclasları keçirilirdi. Deputatlar ölkədə baş verənlər barədə, onları narahat edən məsələlər haqqında məlumat verirdilər. Təsəvvür edin, Avronestin iclası keçirilir, nümayəndə heyəti Bakıya dönüb, amma bu barədə parlamentdə şərait yaratmırlar ki, parlamentarilərə, ölkə ictimaiyyətinə məlumat verilsin. Amma bundan əvvəl biz görürdük ki, Avropa Şurasından, Avronestdən insanlar gələndə məlumat verilirdi. İndi kiminsə Elxan Süleymanovdan xoşu gəlməyə bilər. Mən bilirəm ki, parlament rəhbərliyində bəzi insanların Elxan Süleymanovdan xoşu gəlmir. Amma hər dəfə də bunu bilə-bilə söyləyirəm... Hiyə? Sadəcə onun gördüyü işləri, fəaliyyətini söyləməmək mümkün deyil. Elxan Süleymanov bu yaşında bəzən ay ərzində 6-7 xarici səfərdə olur. Biz Avronestin iclasından qayıdıb gəlirik, amma o gecə saat 11-ə qədər görüşlər keçirir. Bu qədər fiziki gərginliyə davam gətirmək hər adamın işi deyil və hər adam bu qədər fədakarlıqla fəaliyyət göstərməz. Onun adının bəzən mənim tərəfimdən tez-tez çəkilməsinə gəlincə, hesab edirəm ki, onun fəaliyyətini qeyd etmək hər bir vicdanlı nümayəndə heyəti üzvünün borcudur. Bu bəzi adamlarda qıcıq yaradır. Bilirsiniz ki, son vaxtlar Milli Məclisdə aparat tərəfindən yaxşı bir iş görülür, deputatların yanına su qoyurlar və tövsiyə edirəm ki, kim Elxan müəllimin adı çəkiləndə əsəbləşsə o sudan bir stəkan içsin".

Qüdrət Həsənquliyev xatırladıb ki, parlametin vaxtı bir ay da əlavə uzadılıb və Milli Məclisin iclasları ayda iki dəfə yox, mütəmadi keçirilməlidir:

"Gündəliyə dediyim kimi bir dəfə 30 məsələ yox, bir neçə məsələ salınmalı, onların normal müzakirəsi təşkil olunmalıdır. Parlamentin işini bu qaydada qurmağa çox böyük ehtiyac var. Amma təəssüf ki, parlament rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmur, komitələrdə, ümumiyyətlə parlament idarəetməsində müxalifət iştirak etmir. Bəzi insanlar iclasların gedişində özlərini diskomfort vəziyyətdə hiss edirlər, ona görə ki, onlara aid olmayan sahədir. Belə olduğu təqdirdə çalışırlar ki, parlamentin iclasları ümumiyyətlə keçirilməsin. Bu ölkənin imicinə ciddi ziyan vurur. Hesab edirəm ki, iqtidar partiyası bu barədə ciddi düşünməlidir. Ona görə ki, iqtidarın öz daxilində bu vəzifəni layiqincə yerinə yetirmək gücündə olan kifayət qədər insanlar var".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama