Modern.az

UFAZ tələbələri beynəlxalq yarışda 1-ci oldu

UFAZ tələbələri beynəlxalq yarışda 1-ci oldu

16 Fevral 2023, 11:22

Azərbaycanlı tələbələrin beynəlxalq arenada uğurları davam edir. Növbəti uğur UFAZ tələbələrindən gəlib.

 

Modern.az xəbər verir ki, "ActInSpace-2022 Azərbaycan" hakatonunun qalibi olan UFAZ-ın "Nexus" komandası Fransanın Kann şəhərində keçirilən "ActInSpace" Beynəlxalq Finalında 1-ci yer qazanıb.

 

UFAZ tələbələri Ömər Nuruzadə, Emin Xəlifəyev, Gülər İsmayılova, Sənan Çaharkama və Araz Şəfiyevdən ibarət Nexus komandası yanacaq sərfiyyatının səmərəliliyi və karbon emissiyalarını azaltmaq üçün uçuş trayektoriyalarını optimallaşdıran həll təklif edib. Qaliblər “Airbus 310 Zero G” Qran-Pri mükafatını - çəkisizlik şəraitində uçuş imkanı əldə edib.

 

Bundan əlavə, "Nexus" komandası finaldan əvvəl Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin (EUSPA) xüsusi mükafatını qazanıb. EUSPA mükafatı sabahın innovatorlarını bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyən və ya enerji səmərəliliyi və qənaətini yaxşılaşdıra biləcək məhsul və xidmətləri inkişaf etdirməyə çağırır.

 

Qeyd edək ki, "ActInSpace" Fransa Milli Kosmik Araşdırmalar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən təşkil olunan kosmik texnologiyaların cəmiyyət üçün istifadəsini nəzərdə tutan beynəlxalq hakatondur. Ümumilikdə, bu il yarışmada 35 ölkənin 66 şəhərini təmsil edən komandalar iştirak edib.

 

Hakaton-proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Sözün mənşəyi ingiliscə "hack" və "marathon" sözləri ilə bağlıdır və "haker marafonu" mənasını verir. Hakatonun əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaqdır.

 

Tələbələrimizi təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayırıq!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır