Modern.az

Gürcüstan əsilli ziyalılar Oqtay Əsədova MÜRACİƏT etdilər

Gürcüstan əsilli ziyalılar Oqtay Əsədova MÜRACİƏT etdilər

1 İyun 2013, 13:38


Gürcüstan əsilli azərbaycanlı ziyalılar Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova müraciət ünvanlayıblar. Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:

- Hörmətli Sədr, dünyanın çağdaş inkişaf tendensiyasına uyğun olaraq Azərbaycan Respublikasının demokratiya və hüquqi dövlət quruculuğu sahəsində atdığı hər bir real addım sivil dünyaya inteqrasiya aktı kimi bizi ürəkdən sevindirir. Hesab edirik ki, Milli Məclisin cəmiyyətimizin bütün sferalarında ictimai münasibətlərin daha demokratik dəyərlər əsasında qurulması naminə ardıcıl olaraq beynəlxalq hüquq normalarına və lokal reallığa söykənən normativ hüquqi aktları qəbul etməsi parlamentin xalqımız və dövlətçiliyimiz qarşısında dəyərli tarixi xidmətidir. Milli Məclisin bu məhsuldar əməyinin bəhrəsi kimi belə normativ hüquqi aktlardan biri də hazırda müzakirə və redaktə mərhələsində olan “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi”dir. Biz inanırıq ki, bu hüquqi sənəd də Azərbaycan dövlətinin demokratiya, insan haqlarının müdafiəsi və hüquqi dövlət quruculuğu sahəsində atdığı uğurlu addımların daha da təkmilləşməsinə və onun beynəlxalq aləmdə artan nüfuzunun möhkəmlənməsinə xidmət edəcəkdir.

Möhtərəm Sədr, bu səmimi inama söykənərək Biz-Gürcüstan kökənli ziyalıların bir kəsimi Gürcüstanlı soydaşlarımızın milli taleyinin və milli kimlik şüurunun bu günü və perspektivi üçün zəruri hesab etdiyimiz problemlərin həlli ümidi ilə Sizə müraciət edir, sözügedən soydaşlarımızın qeyri-milli mühitdə assimilyasiya riskinin dəf edilməsi üçün onların Azərbaycana mədəni-mənəvi identifikasiyasının daim saxlanması, habelə onların Azərbaycanla sosial-iqtisadi əlaqələrinin daha perspektivli hüquqi əsaslar üzərində qurulması naminə “Miqrasiya Məcəlləsi”nin müzakirəsi və qəbulu zamanı aşağıdakı təkliflərimizin nəzərə alınmasını Sizdən xahiş edirik.   

  1. Gürcüstanlı azərbaycanlıların çoxəsrlik milli özünüdərkinin və milli kimlik şüurunun  onların etnik mənsubluğunun müqəddəs ünvanı olan “azərbaycanlı” sözündə ehtiva olunduğunu və bu səbəbdən “əcnəbi” istilahının onlarda doğurduğu kəskin mənəvi- psixoloji aktı nəzərə alaraq,“ miqrant” anlayışının hüquqi kontekstdə təsnifatında soydaşlarımızın fərqli hüquqi istilahla ifadə olunmasını məqbul hesab edirik.

 2. Azyaşlı uşaqların və yetkinlik yaşına çatmayanların fiziki əməyə cəlb olunmasını yasaqlayan milli qanunvericiliyi, eyni zamanda Azərbaycan Respublikasının əmək bazarının mövcud reallıqlarını (yuxarı yaşlı insanların iş yeri tapmasının çətinliklərini, hətta, çox zaman mümkünsüzlüyünü) nəzərə alaraq, miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan inzibati cərimənin yalnız 18-55 yaş intervalında olan insanlara şamil edilməsini təklif edirik.

3. Gürcüstanlı soydaşlarımızın əsas əmək bazarlarından birinin Rusiya Federasiyası olduğunu, lakin Gürcüstanda 2008-ci ilin avqust ayında baş verən məlum hadisələrdən sonra bu bazarın soydaşlarımızın da üzünə bağlanması səbəbindən onların daha çox Azərbaycanın əmək bazarına üz tutmaq məcburiyyətində qaldıqlarını nəzərə alaraq, Gürcüstanlı azərbaycanlıların əməkçi miqrant statusu alma prosedurunun sadələşdi- rilməsini təklif edir və bunu çağdaş sosial-iqtisadi reallıq fonunda onların sosial müdafiəsinə yönəlmiş humanist addım hesab edirik.

4. Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərini, xüsusilə Azərbaycan Respublikasında müvəqqəti olma, həmçinin müvəqqəti yaşama müddətini pozduğuna görə soydaşlarımıza tətbiq olunan inzibati cərimənin məbləğinin, Azərbaycanın əmək bazarındakı mövcud vəziyyət nəzərə alınaraq, minimal əmək haqqının yarı misli həcmində müəyyənləşdirilməsini məqsədəuyğun hesab edirik.

Biz bir daha inanırıq ki, xalqımızın dədə-baba torpaqlarının bir parçası olan Borçalının, habelə bu coğrafi məkanda və ondan kənarda yaşayan soydaşlarımızın problemləri daim Azərbaycan dövlətinin prioritet məsələləri sırasında dayandığından təkliflərimizə əməli aspektdən yanaşılacaqdır.

Dərin ehtiram və sayğı ilə:

1.   Zəlimxan Yaqub- Xalq şairi;

2.   Ramiz Məmmədov- AMEA-nın müxbir üzvi;

3.   Eyvaz Borçalı- Əməkdar incəsənət xadimi;                                 

4.   Maqsud Əliyev- akademik;

5.   Arif Əmrahoğlu- AYB-nin katibi;

6.   Hidayət Nuriyev- professor;

7.   Xaləddin İbrahimli- professor;

8.   Abdulla Mehrabov- professor;

9.   Kərəm Məmmədov- tarix elmləri üzrə fəlsəfə doktoru;

10. Aslan İsmayılov- hüquqşünas;

11. Nəsib Nəsibli- professor;

12. Akif Bayramov- professor;

13. Şəmistan Həsənli- professor;

14. Tahir Pənahov- professor;

15. Niyaz Mursaqulov- professor;

16. Kərim Məmmədov- professor;

17. Ramiz Məmmədov- hüquqşünas;

18  Tofiq Mirzəyev- Azərb.Resp.Ağsaqqallar Şurası;

19. Asif Ozan- Tədqiqatçı alim;

20. Akif Qurbanov- Az.Resp.MSK-nın üzvü.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama