Modern.az

Türklərə qibtə edirəm

Türklərə qibtə edirəm

Təhsil

2 İyun 2013, 14:06

Namidə BİNGÖL

“Həftə sonu” icmalı
  
Azadlığı istəmirəm zərrə-zərrə, qram qram
Qolumdakı zəncirləri qıram gərək qıram-qıram.
 
Allah rəhmət eləsin Xəlil Rza Ulutürkə. Hər dəfə bu misraları videoyazılarda müəllifin öz dilindən eşidəndə kövrəlməyə bilmirəm. Bu misralarda məmləkətin dar qəfəsdən azadlığa qovuşacağı günün sorağıyla yaşayan hər şeydən öncə, sıravi vətəndaşın ürək döyüntüləri duyulur. Vətən həsrətinin necə ağır yük oluğunu çəkənlər bilər. Həqiqət odur  ki, bugün məmləkət sarıdan tam olaraq nə azadıq, nə də bütöv. Hər halda, ilk azadlığımıza qovuşmaqla tarixin şanlı səhifələrindən birini yaza bilmişik. Sözümün canı var. Yazını sonuna qədər oxusanız nə demək istədiyimi biləcəksiniz.  

28 MAY RESPUBLİKA GÜNÜDÜR
 
20-ci  əsrin əvvəllərində AXC  yarandı. Müstəqilliyimiz, azadlığımız suveren hüquqlarımız tanındı. Tarixi şəxsiyyət M.Ə.Rəsulzadənin rəhbərliyilə qurulan cümhuriyyət bəlkə də o zaman üçün ya hər şey idi, ya da heç nə. Amma, ortada bir həqiqət var. Şərqdə ilk olaraq tarixi şəxsiyyət M.Ə.Rəsulzadə tərəfindən qurulan respublika, sözün əsl mənasında, ilk idi. 23 ay davam etməsinə, daxili intriqalar və xarici müdaxilələr nəticəsində süquta uğramasına baxmayaraq, həmin dövrdə Milli Şuranın təsis edilməsiylə  respublikanın qurulması şanlı tariximizin şanlı səhifəsidir. Təəssüf ki bugün  ziyalı olmayan bir çox həmvətənlərimiz 28 may respublika günündən, onun yaradıcısı M.Ə.Rəsulzadədən xəbərsizdir. Yaxşı səslənməyəcək bilirəm. Amma mütləq vurğulamalıyam. Qardaş türk xalqının uşaqdan böyüyə, kəndlidən şəhərliyə, varlıdan kasıba, ziyalıdan cahilə-bir sözlə, hər kəsin Atatürkü içdən tanımasına qibtə edirəm. Bəs biz niyə M.Ə.Rəsulzadəni tanımırıq?! Məgər, M.Ə.Rəsulzadə xalqı üçün heç nə etməyib?! 

Qeyri-vaxt soyunub əndamını çölə qoyanları abırlı (guya biz abırsızıq), alt paltarını üst paltarı əvəzi geyinib qabağımızda şıllaq atanları dəbli (guya biz “çuşka”yıq), səhnə mədəniyyətindən bixəbər olanları mədəni (guya biz geridə qalmışıq) şəkildə xalqın gözünə soxuruq.                    
 
Görünür, bu da bizim səhvimizdir.Uzun illər tariximiz xalqımıza təhrif olunmuş şəkildə təqdim olunub. Bugün isə tariximizi, daha yaxından tanımaq zamanıdır. Xalqın suverenliyi, ərazi bütövlüyü uğrunda gecə-gündüz xidmət göstərən böyük şəxsiyyətləri xalqın beyninə həkk olunacaq şəkildə təqdim etmək lazımdır. Hər halda, Qərbin  müharibə dalğasıyla üz-üzə qaldığı, Şərqdə respublikanın yaranmasının xəyal olduğu zamanlarda AXC-ni quran M.Ə.Rəsulzadəni necə tanımaya bilərik?! Məncə, fikirləşməyə dəyər.

ƏLİ  XINALI İGİDLƏR?!
 
İstənilən siyasi məsələnin müzakirəyə çıxarılması birmənalı qarşılanmır.Ya tərəflər toqquşur, ya da maraqlar. Hər iki halda fərqli yanaşma mütləq olmalıdır. Elə ortaya atıldığı ilk gündən siyasi gündəmi alt-üst edən Milli Şura ideyasına qarşı da fikir ayrılıqlarından doğan fərqli yanaşma vardı. Bəlkə bir az uzun çəkdi, amma, ideya müəllifləri bir araya gəlməyə fürsət tapa bildilər. Mayın 28-i İctimai Palataya daxil olan partiyalar, xüsusilə, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov əllərinə xına yaxıb, bir bayraq altına yığışıb çoxdandır üzünü gizli saxladıqları “igidi” ictimaiyyətə təqdim etdilər. Haydı meydana deyib “igidi” ortalığa atdılar. Qol çırmayıb yallı getsəydilər pis olmazdı, hər halda. Elimizin toy kimi adəti var axı! Bununla da sorağı eldən-elə dolaşan, ətrafında uzun müzakirələr aparılan Milli Şura elə 28 may Respublika günündə təsis edildi.

Adətən kənd yerlərində keçirilən mağar toylarında bir də görürsən ki, ara qarışıb məzhəb bitib. İt yiyəsini tanımır. Onun da öz ləzzəti var. Lətifəsi sizlərdən uzaq, Milli Şura nümayəndələri. Nəsə demək səlahiyyətimə daxil deyil. Siyasət aləmi bir az qarışıq məsələdir. Öz aramızdı, siyasətdə də tez-tez ara qarışıb məzhəb bitir ha! Mağar toylarının sayı azaldığından  ara daha çox siyasət aləmində qarışır. Bircə onu deyə bilərəm ki hələlik  Milli Şura yaranandan siyasi durğunluq hökm sürür. Hələ ki yenilənən zamandı. Siyasi müstəvidə cərəyan edən gərginliyin olub-olmamasını isə zaman göstərəcək.
    
SÖZ  ÜSTÜNDƏ MÜBAHİSƏ
 
Bu həftə həmçinin Milli Məclisin plenar iclası keçirildi. İclasda ən yaddaqalan hadisə vitse-spiker Ziyafət Əsgərovla Qüdrət Hüseynquluyevin sözü bir-birinin boğazından keçmədi. Qanun layihəsinin parlamentdə müzakirəsiz,ardıcıl olaraq səsverməyə çıxarılmasına görə parlament rəhbərliyini tənqid edən Qüdrət müəllim, çox keçmədi ki Ziyafət Əsgərovun tənqidinə tuş gəldi.”Ayıb olsun, özünüzü jurnalıstlərə göstərirsiniz?” Eh Ziyafət müəllim, jurnalistlər üçün bu ən mədəni olaydı. Bundan da betərlərinə şahid olmuşuq.

ONU NİYƏ TUTUB APARMAQ İSTƏSİNLƏR Kİ?!
 
Məlum Milli Şura yaranandan sonra sabiq daxili işlər naziri İsgəndər Həmidov haqqında xoş olmayan xəbər yayıldı. Özünün dediyinə görə, Nərimanov rayonu ərazisindəki parkların birində silahdaşları ilə istirahət edərkən mülki geyimli polis işçiləri gəlib qolundan tutub naməlum istiqamətə aparıblar. ”Məni zorakılıqla maşına mindirdilər. Gözlərimə qara lent bağladılar. Hara apardıqlarını bilmədim”. İsgəndər bəy, bu cür hadisənin baş vermə səbəbinin Milli Şura ilə əlaqədar olduğunu vurğulayırsınız. Çox maraqlıdır, niyə məhz sizi tutub gözlərinizi polis idarəsində açıb sorğu-sual ediblər? Nəsə bir şey anlamadım. Nə isə.
 
SONUNCU  SON ZƏNG!
 
Bu həftə orta ümumtəhsil müəssisələrində 1l il təhsil alan şagirdlər üçün sonuncu zəng çalındı. Bir tərəfdə 11 illik məktəb həyatından, sevimli müəllimlərdən ayrıldıqları üçün axıtdıqları göz yaşları, digər tərəfdən isə qarşıda gələcək həyata açılan qapı. Hər halda, şıltaq məktəbli obrazı geridə qaldı. İndi daha mübariz, daha mətin olmaq lazımdır. Cəmiyyətə əsl vətəndaş kimi atılan gəncliyimizin uğurları birbaşa təhsildən və ailədən asılıdır. Hər ikisi tərbiyə verir. Elə tərbiyə vermək lazımdır ki, nə cəmiyyət, nə də kiçik dövlət adlandırdığımız ailə modeli hərtərəfli sağlam formasını itirsin. Əlbəttə, gələcəyimizi rüşvətlə dünyaya gətirib rüşvətlə tərbiyə edib, rüşvətlə təhsil verəcəyiksə, o zaman heyf o gəncliyə! Ümid sonda ölür. Biz isə  işıqlı təhsilə olan ümidimizi itirməmişik.
 
Belə əziz oxucularım. Bu həftəmiz  bayramlı, xoş sədalı oldu. İstənilən sahədə istisnalar var. İstisnalar isə qaydaların pozulmasına dəlalət eləmir. Bayramımız mübarək! 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama