“Bizə qurultay üçün dar otaq yox, geniş zal lazımdır”
“Bu gün ölkədə İsa Qəmbərin başqanlıqdan gedib-getməməsi müzakirə mövzusu deyil. İsa Qəmbər yerindədir, işləyir və partiyanın fəaliyyətinə rəhbərlik edir”. Bu sözləri Modern.az-a açıqlamasında Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli partiyanın qurultayla bağlı perspektivini şərh edərkən bildirib.
O, bildirib ki, qurultayla bağlı texniki-təşkilati məsələlər həll olunub. “Hakimiyyət isə bizə yer vermədiyindən qurultay keçirə bilmirik. Məsələ ilə bağlı dəfələrlə mövqeyimizi bildirmişik. Lakin o zamandan bu günə qədər vəziyyət dəyişməyib”- deyə Məclis sədri qeyd edib.
Partiya rəsmisi bildirib ki, iqtidarın təklif etdiyi yerlər qurultay nümayəndələri və qonaqların sayına uyğun gəlmir. “Bütün cəhdlərimizə baxmayaraq, bizə əngəl yaradırlar. Özləri ən dəbdəbəli yerlərdə qurultay və tədbirlərini keçirir, amma bizə şərait yaratmırlar”.
Arzu Səmədbəyli Müsavat qurultayının Gürcüstanda keçirilməsinin hazırda aktual olmadığını vurğulayıb.
Aqşin Kərimov