Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında kinodramaturq Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu Milli Şurada təmsil olunmaq istədiyini, hətta şuranı parlamentdə təmsil edə biləcəyini açıqlamışdı.
"Mən də hazırda Milli Məclisdəyəm. Milli Şura da Milli Məclisə bənzər, alternativ qurumdur. Lazım olarsa, Milli Şura doğurdan da ciddi iş görərsə biz onu Milli Məclisdə təmsil edərik”.
S.Rüstəmxanlının bu çıxışı siyasi müstəvidə böyük rezonans doğursa da Milli Şuranın yaranmasında VHP sədri nədənsə iştirak etmədi. Milli Şuranın təsisçiləri də Sabir Rüstəmxanlının təklifinə bir o qədər isti münasibət sərgiləmədilər.
Bəs, müxalifətin böyük klanının qatıldığı Milli Şurada Sabir Rüstəmxanlı iştirak edəcəkmi? Son durum nə yerdədir?
Məsələ ilə bağlı əməkdaşımız Sabir Rüstəmxanlı ilə əlaqə saxlayıb. Hazırda Türkiyədə olduğunu deyən millət vəkili Milli Şuradan danışmaq istəmədiyini bildirib. Milli Şuraya qoşulmaqla bağlı təklifin daxil olub-olmamasında gəlincə, millət vəkili “susmaq qızıldır” prinsipinə üstünlük verib.
“Bu haqda danışmaq istəmirəm. Bir tək onu deyə bilərəm ki, Milli Şuranın fəaliyyətinə nəzər yetirsəz hər şeyi görəcəksiniz”-deyə S.Rüstəmxanlı bildirib. Xatırladaq ki, “EL” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev “Sabir Rüstəmxanlı ən gözəl şuralarda təmsil olunmalıdır”deyə deputatın təklifinə cavab verib.
Anar RÜSTƏMOV